Şəkidə özlərini polis və jurnalist kimi təqdim edən dələduzlar tutuldu

Şəkidə özlərini polis və jurnalist kimi təqdim edib dələduzluqla məşğul olan Gəncə şəhər sakinləri saxlanılıb.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA TV-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini Sərvan Rəsulov oktyabrın 4-də   özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfərin işlədiyi mağazaya gələrək şantaj etməklə ondan pul almaları barədə Şəki ŞRPŞ-yə məlumat verib.

 

Şəki ŞRPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşları məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində özlərini polis kimi təqdim edərək, dələduzluq yolu ilə Sərvan Rəsulovdan pul alan şəxslərdən ikisinin Gəncə şəhər sakinləri - 1978-ci il təvəllüdlü Hüseyn Rəfi oğlu Hüseynovun və 1977-ci il təvəllüdlü Rəfail Teymurad oğlu Qocayev olmaları müəyyən edilib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

 

Aparılan ilkin istintaq zamanı məlum olub ki, Hüseyn Hüseynov və Rəfail Qocayev ayrı-ayrı vaxtlarda özlərini həm polis əməkdaşı, həm də jurnalist kimi təqdim edərək Sərvan və qardaşı Sərxandan ümumilikdə 242 manat pul alıblar.

 

Faktla bağlı Şəki ŞRPŞ-də CM-nin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlayıb, Hüseyn Hüseynov və Rəfail Qocayevin Şəki rayonu ərazisində digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR