Masallıda “ASAN Həyat” kompleksindəki “ABAD” layihəsinin təqdimatı olub

Bu gün Masallı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) BMT İnkişaf Proqramı ilə əməkdaşlığı çərçivəsində SYSLAB Təlim-Tədris və Qadın Resurs Mərkəzlərinin açılışı “ASAN Həyat” kompleksindəki “ABAD” layihəsinin təqdimatı olub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhərin Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafil Hüseynov açıb.

 

Bildirilib ki, hər iki mərkəz ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycandakı BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən ƏƏSMN və AQUPDK ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" layihəsi çərçivəsində yaradılıb.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev yerli icma və ümumilikdə bütün regionun faydalanacağı bu təşəbbüsə görə Azərbaycan hökuməti adından inkişaf tərəfdaşlarına öz minnətdarlığını bildirib.

 

AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında xəyallarındakı biznesi qurmaq üçün kənd və rayon qadınlarına göstərilən davamlı dəstəyi qiymətləndiərək gələcək əməkdaşlıqlara Komitənin dəstək verəcəyini bildirib.

 

Tədbirdə çıxış edən BMT İP-in rezident-nümayəndəsi Qulam İshaqzai inklüziv və dayanıqlı inkişaf üçün xüsusilə kənd və rayon yerlərində sosial-iqtisadi həyatda qadınların rolu və gənclərin fəal iştirakının əhəmiyyətini vurğulayıb.

 

ABŞ səfirliyinin iqtisadi məsələlər üzrə nümayəndəsi Karter Vilnur iqtisadiyyatda qadınların iştirakının artırılmasının güclü cəmiyyətə töhfə verdiyini bildirib.

 

Tədbir zamanı layihə nəticəsində öz bizneslərini quran qadınlar və layihə zamanı iş tapan gənclər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin sertifikatları ilə mükafatlandırıb.

 

Daha sonra tədbir iştirakçıları yeni qurulmuş Ailə Biznesinə ASAN dəstək (ABAD) mərkəzi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, "Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək" adlı birgə layihənin əsas məqsədi regionda Qadın Resurs və SYSLAB Məşğulluq Mərkəzlərində bacarıqların artırılması ilə qadın sahibkarlığı sahəsində iqtisadi səlahiyyətlərin artırılması və gənclərin məşğulluğunu dəstəkləməkdən ibarətdir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR