“YARAT” Mingəçevirdə sərgi açıb
“YARAT” Müasir İncəsənət Mərkəzi oktyabrın 5-də Mingəçevir şəhərində “Zamanın izləri” adlı səyyar sərgi təşkil edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil olunan sərginin açılış mərasimində “YARAT” Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərid Abdullayev, təşkilatın əlaqələndiricisi, almaniyalı Anna Fech çıxış edərək ölkəmizdə incəsənətin inkişafına göstərilən qayğıdan, gənclərin bu sahəyə olan marağının artmasından danışıblar.
Bildirilib ki, 2011-ci ildə təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur. Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn “YARAT” təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir.
Tədbirdə məlumat verilib ki, “Zamanın izləri” adlı sərgidə film və fotoqrafiya üzrə çalışan gənc rəssamlar ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanırlar. Ekspozisiyaya daxil olan əsərlər “YARAT” Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının bir hissəsidir. Sərgidə 10 nəfər rəssamın əsərləri nümayiş olunur. Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır.
Sərgi oktyabrın 10-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir