Balaca barmaqların toxunuşu ilə... - ƏLİL QIZIN ƏL İŞLƏRİ

Mingəçevir şəhərində yaşayan 13 yaşlı əlil Arzu Babayeva həmyaşıdlarından fərqli istedada malikdir. Sağlamlıq imkanları məhdud olan, eşitmə və nitq qüsurlu Arzu Babayeva 6 yaşı olandan maraqlı rəsmlər çəkir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, valideynləri onun bacarıqlı rəssam kimi yetişməsi üçün Mingəçevirdə yerləşən “Uşaq və ailəyə dəstək” Mərkəzinin "Bacarıqlı Əllər" dərnəyində hazırlaşmasına şərait yaradır. Arzunun qeyri-adi istedadını da bu mərkəzin müəllimləri üzə çıxarıb. Belə ki, yaradıcılıqla məşğul olan uşaqlar arasında hər kəs toxuma işini millərlə görür. Amma Arzu Babayeva fərqli formada, yəni balaca barmaqları ilə rəngli saplardan corab, gödəkcə, şərf, papaq, boyunluq və digər geyim əşyalarını toxuyur.

 

Mərkəzin toxuculuq dərnəyinin rəhbəri Səmərrux Həmidova və "Bacarıqlı Əllər" dərnəyinin rəhbəri Nərgiz Əlizadənin əməyi nəticəsində Arzu bu peşəyə yiyələnib. İndi Arzunun 13 yaşı var. O, hazırda müəllimlərin köməyi olmadan müxtəlif geyim əşyalarını həm millə, həm də barmaqları ilə toxumağı bacarır. Səmərrux müəllimə barmaqlarla toxuma işini Arzuya qısa vaxtda öyrədib və o, hazırda bu işin öhdəsindən bacarıqla gəlir. Heç kəs lal və kar olan, eləcə də görmə qabiliyyəti zəif olan Arzu Babayevanın bu cür qeyri-adi istedada malik olduğunu və barmaqlarla toxuma işi gördüyünə inana bilmir. Arzu boş vaxtlarında yaradıcılıqla yanaşı, həm də ingilis dilini öyrənir. Müəllimlərinin dediyinə görə, müxtəlif sərgilərdə Arzunun əl işlərinə maraq daha böyük olur.

 

Mərkəzin təlim-tədbirlər üzrə işçisi Vüsalə İsmayılova APA TV-yə bildirib ki, 11 ildir fəaliyyət göstərən Mingəçevir “Uşaq və ailəyə dəstək” Mərkəzinin hazırda 107 üzvü var. Əsasən əlilliyi olan və valideyn himayəsindən məhrum uşaqlar bu mərkəzin xidmətlərindən istifadə edirlər. Hazırda mərkəzdə toxuculuq, kompüter, ingilis dili və "Bacarıqlı Əllər" dərnəyinin olduğunu deyən Vüsalə İsmayılova bildirib ki, burada uşaqlar üçün loqoped, psixoloq, defektoloq və reabilitasiya üzrə məşğələlər də mövcuddur.

 

Mərkəzdə digər qüsurlu uşaqların əl işləri də nəzərimizdən qaçmır. Adətən toxuculuğu qızlar yaxşı bacarır və onların bu sahəyə marağı böyükdür. Amma bu mərkəzdə toxucu oğlanlar da var. Onlardan biri, 12 yaşlı Yusif gözəl corab və papaqlar toxuyur.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR