Təhsil Nazirliyi: Məktəbə bir yaş gec gələn uşaqların 2 alması ehtimalı böyükdür

“Azərbaycanda icbari təhsildən yayınan uşaqlar var. Lakin son illərdə icbari ümumi orta təhsildən yayınma halları əhəmiyyətli dərəcədə azalıb”. APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev deyib.

 

O, icbari təhsildən yayınma hallarının bir çox səbəbləri olduğunu deyib: "Müəyyən uşaqlar Azərbaycanda 1-ci sinfə gedir, daha sonra təhsilini başqa ölkədə davam etdirir. Bir qisim uşaq sağlamlığını itirdiyi üçün təhsildən yayınır. Burada miqrasiya məsələləri də var. Biz hazırda məktəbə gələn uşaqları şəxsiyyət vəsiqələrinin nömrələri ilə tam dəqiqliklə saya bilirik.  2005-ci ildə isə bu, məktəblərdə əllə yazılan müxtəlif statistik məlumatlar əsasında toplanılırdı. 4400 məktəbdə bu rəqəmlərdə şişirtmələrin olmasını güman edirik. Bunun da obyektiv səbəbləri var Azərbaycanda bir çox ailələr  uşaqları birinci sinfə iki dəfə qoyurlar. Birinci sinfə qoyurlar, hesabatlar göndərilir, sonra görür ki, uşaq oxumur, çıxardırdı. Amma hazırda bunu etmək mümkün deyil".

 

Emin Əmrullayev qeyd edib ki, 1,3-2 faiz uşaq məktəbə getmir: “Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, 9-cu sinfi 900 şagird bitirib. Burada 10 faiz şagird icbari təhsildən yayınıb demək düz deyil”.

 

Şöbə müdiri bildirib ki, 2 alan uşaqların əksəriyyətində əsas səbəb məktəbə bir il gec gəlməsidir: "2003-cü ildə təxminən məktəbə birinci sinfə gələn uşaqların 25 faizi məktəbə bir yaş gec gəlib. Valideynlər uşaqlarını bir yaş gec gətiriblər məktəbə. Uşaqlar əgər məktəbə vaxtından gec gəlirsə, bu uşaqların 2 alma ehtimalı daha çoxdur, nəinki uşaqlar vaxtında məktəbə gələndə. Uşaqların təhsil uğuruna təsir edən məsələlərdən biri onların vaxtında təhsilə başlamasıdır. 2014-2015-ci illərdə bu rəqəm 10 faizə düşüb, azalma var".

 

Bu il müəllimlərin işə qəbulu üzrə yekun statistika da açıqlanıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, müəllimlərin işə qəbulu üzrə 31 779 nəfər elektron qeydiyyatdan keçib. Müsahibə mərhələsində namizədlərin psixoloji vəziyyəti qiymətləndirilib: “Mərkəzləşdirilmiş qaydada keçirilən işə qəbul üzrə müsabiqənin nəticəsində 1-ci mərhələdə 1827, əlavə yerləşdirmə ilə 538 nəfər, ümumilikdə isə 2 365 nəfər müəllim adını qazanıb”.

 

Eşqi Bağırov qeyd edib ki, işə qəbul olanlardan 1800 nəfər kənd məktəblərində həvəsləndirmə tətbiq olunan vakant yerləri seçib.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, 2016-2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır. Bu sayın artımı gözlənilir, çünki qəbul hələ davam edir.

 

O qeyd edib ki, orta ixtisas təhsil müəssisələrində tələbələrin köçürülməsi elektron qaydada aparılacaq.  Kolleclərdə tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Onun sözlərinə görə, cari ildə təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib: “Ümumi müraciət edənlərin sayı 241 nəfər olub, onlardan 83 nəfərinə müsbət cavab verilib”.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR