Səudiyyə satdığı neftin qiymətini ucuzlaşdırdı

OPEK ölkələri ilə yanaşı, kartelə üzv olmayan ölkələrin nümayəndələrinin daha bir görüşünün baş tutacağı açıqlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Əlcəzairin energetika naziri Nurəddin Buterfa bu görüşün oktyabrın 8-dən 13-ə qədər İstanbulda keçiriləcək Ümumdünya Enerji Konqresi çərçivəsində reallaşacağını açıqlayıb.  

Görüşdə məqsədin Əlcəzairdə neft hasilatının azaldılması ilə bağlı gəlinən razılığın nəticələrinin bir daha müzakirə ediləcəyini bildirən nazir xatırladıb ki, əldə edilən qərar bir il müddəti üçün keçərlidir.

Bu arada Səudiyyə Ərəbistanın dövlət neft şirkəti Saudi Aramko alıcıları üçün endirim elan edib. Səudiyyəlilərin ən böyük müştərisi olan Çinə "qara qızıl" 50 sent ucuzlaşdırılıb.

Avropa da bu endirimdən kənar qalmayıb. Neftin keyfiyyətindən asılı olaraq qitə ölkələri 10-40 sent arası daha az pul xərcləyəcəklər. Qiymətində 25 faiz ucuzlaşma müşahidə edilən "Arab Light" ABŞ-a 10 sent aşağı qiymətə satılacaq.

Səudiyyənin bu addımı son iki ayda ABŞ-da iki böyük neft emalı zavodunun təmirə dayandırılması ilə bağlı izah olunur. Bunun nəticəsində daxili bazarda artıq neftin yarandığı bildirilir, bunu isə ixrac etmək məcburiyyəti yaranır. Başqa bir məsələ isə bazara daha çox neft çıxarılması ilə əlaqədardır. Xüsusilə Nigeriya və Liviyanın ötən ay hasilatı 200 min barel artırdıqları məlumdur. İran da hasilatı 100 min barel artırıb. Rusiya da öz növbəsində postsovet rekordunu yeniləyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR