Yığmamızın baş məşqçisi zorlamada ittiham olunur
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, ikiqat olimpiya çempionu Peter Zayzenbaher iki azyaşlı qızı zorlamaqda ittiham olunur. "APA-Sport"un yaydığı xəbərə görə, bu sensasiyalı məlumatı Avstriya mətbuatı yayıb.
Məlumatda bildirilir ki, artıq Peter Zayzenbaherə qarşı bununla bağlı rəsmi ittiham irəli sürülüb. Sözügedən cinayət hadisəsi 1999-2004-cü illərdə baş verib. O dövrdə avstriyalı mütəxəssis Vyanada həmin qızlara məşqçilik edirmiş.
Zərərçəkənlərin bu hadisə ilə əlaqədar yalnız 2013-cü ildə hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir. Bundan sonra polis müvafiq araşdırma aparıb və yekunda rəsmi ittiham irəli sürülüb.
İddia edilir ki, Zayzenbaher qızlardan birini 11 yaşında ikən 1999-cu ildə zorlayıb və bu cinayətini müxtəlif vaxtlarda 2002-ci ilə qədər davam etdirib. 2004-cü ildə isə onun bu dəfə 13 yaşlı başqa bir qızı zorladığı bildirilir. Bundan başqa, Zayzenbaherin 2001-ci ildə Xorvatiyadakı təlim-məşq toplanışı zamanı 16 yaşlı idmançı qızı zorladığı da iddia edilir.
Əgər ittihamlar sübuta yetirilsə, 56 yaşlı mütəxəssisi 10 ilədək həbs cəzası gözləyir. Zayzenbaherin vəkili Bernhard Lexofer bildirib ki, ittihamın ağır olduğunu başa düşsələr də, məsələ ilə bağlı şərh vermək istəmirlər. “Bu halda media-sirk başlayacaq. Zayzenbaher hazırda Azərbaycandadır və Vyanaya gələrək məhkəmədə ifadə verəcək” - deyə o bildirib.
Qeyd edək ki, artıq məhkəmə prosesinə sədrlik edəcək hakim də bəllidir. Bu, Avstriyada sərt qərarları ilə tanınan Kristofer Bauerdir.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Cüdo Federasiyasının rəsmisi Elnur Əşrəfoğlu bildirib ki, Peter Zayzenbaher biri azyaşlı olmaqla 4 qıza qarşı cinsi zorakılıqda ittiham olunduğunu təsdiq edir: "Bununla bağlı cinayət işi açılıb və o, istintaqa ifadə verib. Zayzenbaher ifadəsində də ona qarşı irəli sürülən ittihamı rədd edib və deyir ki, yaxın vaxtlarda keçiriləcək məhkəmə prosesi onun günahsız olduğunu göstərəcək. Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik".
Qeyd edək ki, Zayzenbaher 2012-ci ildə millimizin baş məşqçisi olub, 2014-cü ildə vəzifəsindən kənarlaşdırılıb. 2015-ci ildə o, yenidən Azərbaycana dəvət olunub və milliyə baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Azərbaycan komandası Rio olimpiadasında 2 gümüş medal qazanıb.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir