Sandra Rulovs: “Saakaşvili Gürcüstana dinc yolla qayıdacaq”
Oktyabrın 8-də keçiriləcək parlament seçkilərinə hazırlaşan Gürcüstanın paytaxtı Tiflisdə sabiq prezident Mixail Saakaşvili tərəfdarlarının sonuncu təşviqat mitinqi keçirilib.
Milli Birlik Hərəkatı Partiyasının mitinqi yürüşlə başlayıb və “Qızılgül meydanı”nda yekunlaşıb. Gürcüstan vətəndaşlığından çıxarılan və barəsində həbs qərarı olduğundan ölkəyə qayıda bilməyən sabiq prezident, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsini tutan Mixail Saakaşvili aksiya iştirakçılarına videomüraciət ünvanlayıb. O, Milli Birlik Hərəkatı Partiyasının şənbə günü keçiriləcək seçkilərdə qalib gələcəyinə inandığını bildirib.
Gürcüstanın keçmiş birinci xanımı, deputatlığa namizəd Sandra Rulovs da mitinqdə çıxış edib. O, bildirib ki, Mixail Saakaşvili Gürcüstana dinc yolla qayıdacaq. Saakavilinin həyat yoldaşı deyib ki, Gürcüstan inkişaf yoluna qayıtmalı və güclənməlidir. Sandra Rulovs hazırkı hakimiyyəti tənqid edib, əhalinin yoxsulluq həddində olduğunu bildirib.
Sorğuların nəticələrinə görə, oktyabrın 8-də keçiriləcək parlament seçkilərinin favoritləri sabiq baş nazir Bidzina İvanişvilinin yaratdığı Gürcü arzusu-Demokratik Gürcüstan və Mixail Saakaşvilinin dəstəklədiyi Milli Birlik Hərəkatı partiyalarıdır.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir