Mal-qarası ölən Astara sakini dərman içərək zəhərləndi

Mal-qarası xəstəlikdən ölən Astara sakini şok vəziyyətində xlorofos dərmanı içərək zəhərlənib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb.

 

Fərdi təsərrüfatında iribuynuzlu mal-qara saxlayan 55 yaşlı Sadiq Əliağa oğlu Teymurovun vəziyyəti qəfildən pisləşib. Yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sadiq Teymurov müayinə olunduqdan sonra ona dərman zəhərlənməsi diaqnozu qoyulub. Xəstəyə zəruri tibbi yardım göstərilsə də, vəziyyəti  ağır qiymətləndirilir.

 

Araşdırmalar zamanı məlum olub ki, 10 baş iribuynuzlu heyvan saxlayan Sadiq Teymurovun mal-qarası xəstəliyə tutulub. Aparılan profilaktik tədbirlərə baxmayaraq, inəklərdən 5-i ölüb, qalan 5-i isə ölüm ayağındadır. Bu səbəbdən Sadiq Teymurov şok vəziyyətə düşərək, başqa dərman əvəzinə xlorofos adlı dərmanı qəbul edib.

 

Yerli sakinlərinin sözlərinə görə, hazırda kənddə xəstə heyvanların sayı yüz başdan çoxdur.

 

Qeyd edək ki, Astaranın Şiyəkəran kəndi ilə yanaşı, rayonun digər yaşayış məntəqələrində də xeyli sayda iribuynuzlu mal-qara mənşəyi məlum olmayan xəstəliyə tutulub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR