Qala-Pirallahı yolunun və Pirallahı körpüsünün tikintisi yekunlaşır
21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci 7 km-lik hissəsinin tikintisi işləri yekunlaşmaq üzrədir.
"Azəravtoyol" ASC-dən APA TV-yə verilən xəbərə görə, avtomobil yolunun 7 km-lik hissəsi 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır. Yolun ümumi eni 34 metr, ayrıcı zolağın eni təhlükəsizlik zolaqları ilə birgə 4 metrdir. Zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün 1.5-2 metr enində piyada səkiləri də inşa edilib. Layihə çərçivəsində yol boyu müasir işıqlandırma sistemi də qurulacaq.
Qala-Pirallahı avtomobil yolunun 23-cü km-də yerləşən və Pirallahı adasını sahillə birləşdirən 422 metr uzunluğundakı yeni avtomobil körpüsünün tikintisi isə artıq başa çatıb, hazırda körpü ətrafında son tamamlanma işləri həyata keçirilir.
Pirallahı qəsəbəsinə gedən kommunikasiya xətlərinin köçürülməsi işləri də yekunlaşmaq üzrədir. Bundan başqa, körpünün altından gəmilərin rahat şəkildə keçidi üçün xüsusi hissənin açılması istiqamətində işlər aparılır.
Pirallahı qəsəbəsinin mərkəzini körpü ilə birləşdirən mövcud avtomobil yolunun da yenidən qurulması işlərinə başlanılıb. Ümumilikdə sözügedən avtomobil yolunun və yolun davamı olaraq Səməd Vurğun küçəsinin uzunluğu 8 km, mövcud eni isə 6-7 metr təşkil edir. Layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır. Yol yatağı 10-18 metr enində genişləndirilir, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və kənara çəkilməsi istiqamətində işlər aparılır. Bu işlərə paralel olaraq 1.5 metr enində yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində də addımlar atılır.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir