Bakıda mağaza sahibini ruhi əsəb dispanserindən buraxılmış şəxs qətlə yetirib - TƏFƏRRÜAT

Bakıda mağaza sahibinin güllələnməsi faktı ilə bağlı bəzi təfərrüatlar məlum olub. APA TV-nin məlumatına görə, odlu silahla qətlə yetirilmiş, Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun meyiti qəsəbə ərazisindəki  icarəyə götürdüyü yem  mağazasından  tapılıb.

 

Qonşular güllə səsinə çıxıblar. Mərhumun əmisi oğlanlarının və yaxın qohumlarının sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə 38 yaşlı Rauf Cəbrayılov axşam saatlarında Zakir Məcidovun yem dükanına gələrək onunla mübahisə edib. Daha sonra evə qayıdan Rauf babasına məxsus “TOZ-16” markalı tüfəng götürüb və yenidən dükana gəlib. Mağazaya girən Rauf Cəbrayılov yaxın məsafədən Zakir Məcidova iki dəfə atəş açıb. Güllələrdən biri Zakir Məcidovun çənə nahiyəsindən girərək başından çıxıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, həkimlər gələnə kimi Zakir Məcidov dünyasını dəyişib.

  

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən APA TV-yə verilən məlumata görə, 38 yaşlı Rauf Cəbrayılov ruhi əsəb dispanserində müalicə alırmış. Ötən ayın sonlarında müalicəsi başa çatdığına görə evə buraxılıb. Hadisənin qisasçılıq zəminində törədildiyi istisna olunmur. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR