"Azərbaycanda elektron "Tax free" sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirildi
Bu gün "Azərbaycanda elektron "Tax free" sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb, ölkə başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust tarixli sərəncamı və bu sərəncam çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva təqdimatla çıxış edərək, ölkəmizdə "Tax free" sisteminin tətbiqi, onun faydaları, bununla bağlı inzibatçılıq məsələləri və s. barədə ətraflı məlumat verib. Qeyd olunub ki, "Tax free" sistemi ölkədə turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədi daşıyır. Bu sistem ilkin olaraq beynəlxalq hava limanlarında tətbiq edilməyə başlanıb və gələcəkdə respublikanın digər sərhəd-buraxılış məntəqələrində tətbiq olunması nəzərdə tutulur.
"Tax free" sisteminin tətbiqi şərtlərinə toxunan S.Musayeva qeyd edib ki, turistin mal alan zaman şəxsiyyətini təsdiq edən sənədi üzərində olmalıdır, alınan mal şəxsi istehlak məqsədi daşımalıdır, bir alışda əldə edilmiş malın ƏDV daxil olmaqla dəyəri 300 manatdan az olmamalıdır, turistə təqdim edilmiş elektron vergi hesab fakturası (e-vhf) və malın alışını təsdiq edən sənədləri özündə saxlamalıdır.
Alıcı aldığı malları Azərbaycan Respublikası ərazisindən apardıqda həmin mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd-buraxılış məntəqəsində aldığı mallara dair elektron vergi hesab fakturasını pasportla birlikdə gömrük orqanı əməkdaşına təqdim edir.
Sonda qeyd olunub ki, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Tax free” bölməsi istifadəyə verilib, rəsmi internet səhifəsində həmin bölməyə keçid yerləşdirilib. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məlumatlar nazirliyin rəsmi internet saytında və Facebook səhifəsində yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı