Oğru bacanaqlar: "Heyif ki, qızıllar saxta çıxdı"
Samuxda oğru bacanaqların əldə etdiyi qənimət saxta çıxıb. APA TV-Nin yerli bürosunun xəbərinə görə, rayonda ikisi bacanaq olmaqla oğurluq edən 3 nəfər qonşunun əmlakına göz dikib. Amma onların oğurladıqları qızıl zinət əşyasının bir qismi adi metal çıxıb.
Samux rayonunun Qarayeri qəsəbə sakini Ceyran Mustafayevanın yaşadığı mənzildən oğurluq edənlər bu əməllərinə əməlli-başlı peşman olub. Çağırılmamış qonaqlar mənzildən xeyli miqdarda qızıl-zinət əşyalarını, 3 ədəd mobil telefonu və 100 manatdan çox nəğd pulu götürərək aradan çıxıblar. Lakin Samux polis hadisəni törədənlərin uzağa getməsinə imkan verməyib.
Baş müstəntiq İlqar Qəmbərovun sözlərinə görə, isti izlərlə aparılmış əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin cinayət hadisəsini qeyd edilən qəsəbədə yaşayanlar - Zeynal Zeynalov, Tural Hüseynov və Əli Ağayev törədib: "Həmin şəxslər müəyyən edilərək istintaqa təqdim edilib, faktla bağlı izahatları alınıb. Fakt öz təsdiqini tapdığından, onlar qeyd edilən cinayəti törətməkdə şübhəli bilinərək həbs olunublar".
Saxlanılaraq şöbəyə gətirilənlərdən Zeynal Zeynalov və Əli Ağayevin bacanaq, Tural Hüseynovun isə zərərçəkənin qonşusu olduğu məlum olub. Oğurluq təklifi isə əvvəllər bu əməlinə görə məhkumluq həyatı yaşayan və bu ilin mart ayında azadlığa çıxan Turaldan gəlib. Onun özü də bunu etiraf edib: "Baxdıq qapı bağlıdır, qıfıl var. Bildik ki, evdə heç kim yoxdur. Divardan düşdük, pəncərədən içəri daxil olduq. İki qızıl üzük idi, gümüş idi, qol saatı idi, bir də telefon idi 3 ədəd. Götürdük çıxdıq, səhər də Mingəçevirə aparıb satdıq".
Bacanaqlar da əməllərini səmimi etiraf edib. Onların təəssüfləndiyi isə əldə etdikləri qızıl-zinət əşyalarından bir qisminin metal çıxmasıdır.
Əli Ağayev əvvəlcə oğurluq etmək niyyətində olmadığını söyləyib: "Evdə oturmuşdum bacanaqla, bu gəldi ki, təcili işim var sizlə. Elə bildik dalaşıb. Durduq arxasınca getdik, yolda heç nə danışmadı. Küçəyə çatıb, evin qabağında dayananda dedi ki, bu evi neçə vaxtdır gözaltı etmişəm. Yiyəsi şəhərə çıxanda qızıl-qatarla çıxır, bura girmək lazımdır. Mən dedim, mənlik deyil. Mən çıxıb getmək istəyəndə bunlar ikisi də tələsik içəri düşdülər".
Zeynal Zeynalov isə oğurluqdan sonrakı işlərindən söz açıb: "Çıxdıq, nəğd 101 manat pul idi. Böldük o pulu. Qərara da gəldik ki, sabah gedək Mingəçevirə, sataq digər əşyaları. Komplekt götürmüşdük. Getdik, birinci onu yoxlatdıq, qızıl çıxmadı. Heyfsiləndik. İki üzük qızıl çıxdı. 39 manata birini satdıq, 53 manata da birini. Ordan da qayıtdıq gəldik, telefonları yoxlatdıq. İkisi işləmədi, biri işlədi. Həmin işləyən telefon Turalda qaldı, digər ikisini tulladıq".
Hazırda bacanaqlarla əlbir olan keçmiş məhbusun rayonun Qarayeri qəsəbəsində, eləcə də digər ərazilərdə kimlərə ziyan vurduğu araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı