Afinada polis pensiyaçılara gözyaşardıcı qaz sıxdı, işə baş nazir qarışdı

Yunanıstan polisi Afinada pensiyaçıların aksiyasını gözyaşardıcı qazdan istifadə etməklə dağıdıb. APA TV-nin məlumatına görə, aksiya iştirakçıları prezident iqamətgahına daxil olmağa cəhd göstəriblər.

 

2000-ə yaxın pensiyaçının iştirak etdiyi aksiya Afinanın mərkəzində səhər saatlarında başlayıb. Təqaüdlərin azaldılması və ölkənin sol təmayüllü hökumətinin iqtisadi böhrandan çıxmaq üçün kreditlər qarşılığında həyata keçirdiyi asketizm siyasətinə etiraz edən aksiya iştirakçıları prezident iqamətgahına doğru yürüş ediblər.

 

Pensiyaçılar Yunanıstan cəmiyyətini hökumətin siyasəti və kreditorlar qarşısında götürülmüş öhdəliklərə qarşı ümumxalq üsyanına çağırıblar. Onların fikrincə, bu siyasət və öhdəliklər pensiyaların növbəti dəfə azaldılmasına doğru aparır.

 

Polis avtobuslar və xüsusi təyinatlılarla prezident iqamətgahına gedən yolu bağlayıb. Pensiyaçılar polis səddini yarmağa və avtobuslardan birini aşırmağa cəhd ediblər. Nəticədə toqquşma olub və polis qüvvələri gözyaşardıcı qazdan istifadə edib.

 

Aksiyadakı insidentdən sonra Yunanıstan baş naziri Aleksis Çipras işçi və pensiyaçıların aksiyaları zamanı gözyaşardıcı qazdan istifadəni qadağan edib. Baş nazir vətəndaşların müdafiəsi nazirinin müavini Nikos Toskasla əlaqə saxlayaraq, aksiyada gözyaşardıcı qazdan istifadə olunmasından narahatlığını bildirib və belə hadisənin təkrarlanmamasını tələb edib. Nazir müavini pensiyaçılara qarşı kimyəvi vasitələrdən istifadənin dayandırılacağına söz verib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR