Lənkəranda QMİ-nin iştirakı ilə regional konfrans keçirilib
Oktyabrın 3-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərimizin qorunmasında ictimaiyyətin rolu” mövzusunda regional konfrans keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bölgənin din xadimləri, ziyalıları, tələbə-gəncləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli icra strukturlarının nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açıb. Daha sonra müzakirə olunan mövzu üzrə DQİDK-nin sədri Mübariz Qurabnlı, QMİ Elmi-Dini Şurasının sədri, akademik Vasif Məmmədəliyev, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi qazi Hacı Qəni Axundzadə, Milli Məclisin deputatları Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə və Nəriman Əliyev çıxış ediblər.
Bildirilib ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz islami dəyərlərimizdir. Cari il multukulturalizm ilidir və Azərbaycanın bütün dinlərdən və millətlərdən olan vətəndaşları bir məqsəd, bir amal uğrunda öz doğma vətənlərinə xidmət edirlər.
Qeyd olunub ki, sovetlər dönəmində respublikamızda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, indi onların sayı 2050-ni ötüb.
Tədbirdə təəssüf hissi ilə qeyd olunub ki, bəzi radikal qüvvələr din pərdəsi altında ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Onların qarşısının alınmasında ictimaiyyət mühüm rol oynaya bilər.
Tədbirdə dini ayinlərin məscidlərin daxilində və həyətlərində keçirilməsinin vacibliyi dönə-dönə qeyd olunub.
Çıxışlarda həmçinin dinimizdə fanatizmin olmadığı və onun qəbuledilməzliyi vurğulanıb. O da diqqətə çatdırılıb ki, Aşura günü inanclı insanlar tərəfindən Lənkəranın pir və ocaqlarının ziyarət olunması üçün təmənnasız olaraq xüsusi nəqliyyat vasitələri ayrılacaq. Rayonun məscidlərində qanvermə aksiyaları keçiriləcək. Azərbaycanda sabitliyi pozmağa cəhd edən qüvvələrə qarşı hüquqi müstəvidə tədbirlər tətbiq olunacaq.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı