Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

 

Prezidentlər səviyyəsində mütəmadi görüşlərin keçirilməsinin önəmini qeyd edən prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaninin bu ilin avqust ayında Azərbaycana və özünün İrana son rəsmi səfərini məmnunluqla xatırlayıb.

 

İki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlət başçısı xüsusilə Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Prezident İlham Əliyev İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

 

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli İran prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. Əbdülrza Rəhmani Fəzli deyib: “Prezident Həsən Ruhani bildirdi ki, iki tərəf arasında əldə olunan razılaşmalara əsasən işlərin daha da genişləndirilməsi və irəliləməsi üçün bütün səylər göstərilməlidir. Cənab Ruhani bu işlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi”.

 

Əbdülrza Rəhmani son illər iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğulayıb.

 

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR