Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib.

 

APA TV-nin məlumatına görə, konfransın açılışında çıxış edən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, İslam ölkələrinin jurnalistlərini bir araya gətirən qurumun yaradılmasına ehtiyac var.

 

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasının dəstəklənməsini zəruri sayıb və konfransın bu Assosiasiyanın yaradılması niyyəti ilə keçirildiyini nəzərə çatdırıb.

 

Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed Al-Had İslam dininin həmrəylik dini olduğunu bildirib: "Bəzən İslama məxsus olmayan dəyərləri ona aid etməyə cəhd edirlər".

 

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid Biin İbrahim əl-Sulaim isə ölkəsinin müsəlmanların problemlərinin həlli üçün heç vaxt səylərini əsirgəmədiyini söyləyib.

 

İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi qeyd edib ki, İran Assosiasiyanın yaradılmasını dəstəkləyir.

 

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas isə KİV-lərin məsuliyyətli olmasını zəruri sayıb: "Türkiyə və Azərbaycan mediası arasında sıx əlaqə var. Günümüzdə birtərəfli yayıma üstünlük verən Qərb mediası var. Dağlıq Qarabağ, Kipr kimi problemlər də beynəlxalq ictimaiyyətə yanlış şəkildə çatdırılır. Bu baxımdan müvafiq platformaların yaradılmasını dəstəkləyirik".

 

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fananie KİV-in demokratiyanın onurğa sütunu olduğunu vurğulayıb .

 

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Əl-Şübeyli isə terroru dəstəkləyən ölkələrin dünyada İslam haqqında rəyi dəyişdirdiyini vurğulayıb.

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə deyib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 2014-cü il dekabrın 3-də Tehranda keçirilən toplantısında ilk dəfə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. O bildirib ki, Azərbaycan həmin vaxt Assosiasiyanın katibliyinin də ölkəmizdə yerləşdirilməsini təklif edib: "İslamın mahiyyətinin təhrif edilməsinin, müsəlmanların terrorçu kimi təqdim olunması meyllərinin qarşısının alınması üçün İslam ölkələri jurnalistlərinin bir platformada bir araya gəlməsi, fəaliyyətlərini əlaqələndirməsi zəruridir. Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Humanitar Forumda da İslam ölkələrinin həmrəylinin zəruri olduğunu vurğuladı. İnanırıq ki, bu məsələ İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılacaq, 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni yaranmış qurumun birinci konfransı təşkil ediləcək”.

 

Sonra İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov "İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsəd və vəzifələri" mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzə ətrafında çıxış edən “AzərTAC”ın baş direktoru Aslan Aslanov assosiasiyanın saytının peşəkarlıqla hazırlandığını, saytın sosial şəbəkələrdə təbliğinin zəruri olduğunu söyləyib. O, assosiasiyanın fəaliyyətinin effektiv təşkili üçün qurumun nəzdində çevik qrup yaradılmasını təklif edib.

 

Konfransda çıxış edən “APA-Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, dünya informasiya məkanını transmilli KİV-lər idarə etsə də, hər bir ölkənin yerli media resursları həmin ölkələr üçün əsas etibarlı informasiya qaynağıdır: “Bizim informasiya mübadiləsi aparmağımız transmilli media orqanlarının manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynayar. Assosiasiyanın yaradılması bu baxımdan vacibdir. Azərbaycan ötən dövrdə Ermənistan tərəfindən növbəti dəfə atəşkəsin pozması halı və terrorçuluqla üzləşdi. Biz bununla əlaqədar başqa ölkələrin mediasının monitorinqi ilə məşğul olanda, acınacaqlı halla qarşılaşdıq. Məsələn, Türkiyə mediası məlumatları transmilli media orqanlarından götürmüşdü və yanlışlıqlara yol vermişdi. Bizim cəmiyyətimizi obyektiv informasiya ilə təmin etmək imkanımız var. Dünya birliyi cəmiyyətlərin birliyidir. Əgər cəmiyyətlərimizi obyektiv informasiya ilə təmin etsək, bu, çox mühüm addım olar. Assosiasiyanın saytında müxtəlif adminlər olsa və biz orada informasiyalar yerləşdirsək, bu, maraqlarımıza cavab verər. Assosiasiya vasitəsilə jurnalistlərin bir-birinin ölkələrini tanıması, qarşılıqlı səfərlərin təşkili mümkündür. Eyni zamanda, biznesin inkişafı üçün ölkələrimiz üçün mühüm iş görə bilərik. Ölkələrimizin təbiəti, tarixi imkan verir ki, turizm, biznes əlaqələri inkişaf etsin. Bu baxımdan assosiasiya mühüm platforma rolunu oynaya bilər. Mən assosiasiyanın işinə uğurlar arzulayır, hər kəsim qarşılıqlı əməkdaşlığa çağırıram”.

 

Tədbir məruzələrlə davam etdirilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR