Gəncədə “Avropa Gənclər Festivalı” keçirildi

Gəncədə “Avropa Gənclər Festivalı” keçirilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, festivalın açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkilləri və başqa rəsmi qonaqlar iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, mərasim iştirakçılarını salamlayıb.

 

Gəncənin güclü rəqiblər arasında Avropa Gənclər Paytaxtı seçildiyini bildirən Yohanna Niman qeyd edib ki, Avropanın Gənclər Paytaxtı seçilməsi Gəncəyə Avropa ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verib.

 

Digər çıxış edənlər də Gəncə sakinlərini əldə olunan uğura görə təbrik edib, bu il Gəncədə Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində bir çox layihələr həyata keçirildiyi bildirilib.

 

Tədbirin rəsmi hissə bitdikdən sonra “Rio-2016” Olimpiadasında qazanılmış yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Toğrul Əsgərov, Rio-de-Janeyroda keçirilən XV Paralimpiya Oyunlarının cüdo üzrə paralimpiya çempionu Ramil Qasımov, İlk Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov, Toğrul Əsgərovun məşqçisi, Əməkdar bədən tərbiyə və idman xadimi Elçin Zeynalov, Ramil Qasımovun məşqçisi, Əməkdar bədən tərbiyə və idman işçisi Əli Hacıyevə Gəncə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərman və hədiyyələri təqdim olunub.

 

"Avropa Gənclər Festivalı" layihəsi Gəncəçay Park Bulvar Kompleksində davam edib. Mərasim iştirakçılarını rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazları qarşılayıblar. Tədbir iştirakçıları Azərbaycan xalqının əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən guşələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Gəncə Musiqi Kollecinin, Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının, Gəncə Dövlət Kamera Orkestri solistlərinin ifaları, milli rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb. “Gəncəçay” Park Bulvar Kompleksində tədbir iştirakçıları cizgi filmlərinin qəhrəmanlarının rəqsinə tamaşa edib.
 

Qonaqlar təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar. Xor kollektivlərinin ifaları tədbirə xüsusi rəng qatıb.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR