Kerrinin Suriya böhranı ilə bağlı gizli fikirləri mətbuata sızdı

ABŞ-ın dövlət katibi Con Kerrinin BMT Baş Assambleyasının pərdə arxasında səsləndirdiyi fikirlərin audioyazısı mətbuata sızıb. APA TV-nin məlumatına görə, bu barədə "The New York Times" yazıb.

 

Suriya müxalifətinin nümayəndələri ilə 40 dəqiqəlik söhbəti əhatə edən audioyazıda C.Kerri ölkəsinin Suriya müxalifətinin silahlandırılması yolundakı addımlarının xoşagəlməz nəticələrə səbəb olacağını bildirib.

 

C.Kerri müxalifət nümayəndələrini hazırkı prezident Bəşər Əsədin də namizədliyinin irəli sürüləcəyi və BMT-nin birbaşa nəzarəti altında keçiriləcək seçkilərdə aktiv şəkildə iştirak etməyə çağırıb. ABŞ dövlət katibi ölkə prezidentini seçmək hüququnun suriyalıların öz ixtiyarına buraxmağın vacibliyini önə çəkib.

 

Con Kerri həmçinin Suriya münaqişəsindən çıxış yolunun tapılması üçün yaradılacaq keçid hökumətinin tərkibinə müxalifət nümayəndələrinin də daxil edilməli olduğunu söyləyib. "Bir vaxtlar mən də Suriyada hərbi güc tətbiq edilməsinin lehinə idim. Amma zaman hər şeyin daha fərqli olmalı olduğunu göstərdi. İndi isə biz, sadəcə, diplomatiya ilə məşğuluq", - deyə o qeyd edib.

 

Con Kerri vurğulayıb ki, rəsmi Vaşinqton Suriya müxalifətini İŞİD və "Ən-Nüsra Cəbhəsi" kimi terror qruplaşmaları ilə mübarizədə dəstəkləsə də, Suriya hökumətinə yaxın olan "Hizbullah" təşkilatına qarşı müharibəyə qoşulmaq niyyətində deyil.

 

Qeyd edək ki, haqqında danışılan audioyazının yayılmasından sonra məsələyə münasibət bildirən ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi görüşün şəxsi xarakter daşıdığını, bu səbəbdən də audioyazıda səslənən fikirlərə münasibət bildirməyin doğru olmadığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR