Türkiyəyə 20 milyon təzminat ödəyən İsrail türk şirkətinə 40 milyon cəza kəsdi

İsrail türk şirkətini 40 milyon dollar cərimələyib. APA TV-nin məlumatına görə, cərimə olunan şirkətin rəhbəri, MHP-də Dövlət Baxçalının rəqibi olaraq seçkiyə qatılan, uduzduqda isə Mühafizəkar Yüksəliş Partiyasını quran Əhməd Reyiz Yılmaz bu barədə açıqlamasında bildirib.

 

"Mən İsraildə necə qanunlara hörmətlə iş görürəmsə, İsrail hökuməti də qanunlara hörmət etməlidir. Dövlət gücündən istifadə edərək müdafiəsiz türk şirkətinə hücum edib əsası olmayan cərimə ilə pul tələb etməz" deyən Əhməd Reyiz Yılmaz məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlundan kömək istəyib. Biznesmen İsrailin tələb etdiyi bütün sənədləri verdiyini, bu ölkənin izah edəcəyi hər hansı qanunsuzluğun olmadığını deyib.

 

"Yılmazlar Construction Groups"un rəhbəri olan Yılmaz ivrit dilini ana dili kimi bilir. O dünyaya yəhudi kimi baxdığını bildirir.

 

"40 yaşında ürəyi türk və müsəlman olan, ancaq məsələlərə yəhudi gözü ilə baxa bilən bir adam oldum. Böyük və güclü Türkiyə olmadan nə İsrail, nə də başqa ölkələr bu bölgədə hüzur içində yaşaya bilməz", - deyə o qeyd edib.

 

Xatırladaq ki, şirkət rəhbəri bir vaxtlar İsraildə Türkiyə vətəndaşlarının pasportlarını əllərindən alaraq maaş vermədən işlətdiyi üçün ittiham olunub. Onun şirkəti İsrailin Müdafiə Nazirliyi və HHQ-nin binalarını inşa edib.


Qeyd edək ki, dünən İsrail 2010-cu ildə “Azadlıq donanması”na (“Mavi Mərmərə”) silahlı hücuma görə Türkiyəyə 20 milyon dollar təzminat ödədiyini açıqlayıb. Türk şirkətinin cərimələnməsi təzminatın ödənməsi ilə eyni vaxta düşməsi diqqətdən qaçmayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR