Oqtay Əsədov: “Baronessa Koks heç bilmir ki, atası kimdir”

Azərbaycan Milli Məclisinin 2016-cı ildə payız sessiyasının ilk plenar iclası başlayıb.

 

APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra cari məsələlərin müzakirəsi başlayıb.

 

Oqtay Əsədov sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin demokratik və şəffaf şəraitdə keçirdiyini qeyd edib. O bildirib ki, bu referendum Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən siyasətinə xalqın güclü dəstəyini nümayiş etdirib.

 

Millət vəkili Bəxtiyar Əliyev Böyük Britaniya parlamentinin üzvü baronessa Kerolayn Koksun Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirmək haqqında fikirlərini tənqid edib. O deyib ki, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Koks Dağlıq Qarabağa gələrək işğalçı ordunun əsgərləri qarşısında çıxış edib və bildirib ki, “siz burada xristianlığı müdafiə edirsiniz”: “Hesab edirəm ki, onun dini ədavət çağırışı Britaniya parlamentində müzakirə edilməlidir. Çünki dini ədavətə çağırış yolverilməz haldır”.

 

Milli Məclisin sədri isə bildirib ki, artıq ermənilər Dağlıq Qarabağ münaqişəsini yeni formada dünya ictimaiyyətinə çatdırmağa çalışır və bu istiqamətdə iş aparır: “Bu da ondan ibarətdir ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirərək təqdim etməyə çalışırlar. Mən bu yaxınlarda AŞPA-ya üzv ölkələrin parlament sədrlərinin toplantısında da çıxış edərək, Ermənistanın bu siyasəti haqqında məlumat verdim. Bildirdim ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan münaqişəsinə dini don geyindirməyə çalışır”.

 

Britaniyalı parlamentarın Azərbaycanın işğal edilmiş ərazisində səsləndirdiyi fikirlərə gəldikdə isə, O.Əsədov bildirib ki, “Baronessa Koks heç bilmir ki, atası kimdir. O, atasını da tanımır”.

 

Azərbaycanda tələbələrə kreditlərin ayrılması ilə bağlı problemlərə diqqət çəkən Aydın Mirzəzadə deyib ki, bir müddət əvvəl Azərbaycanda Tələbə Kredit Fondu yaradılsa da, ancaq təəssüflər olsun ki, bu quruma cəmi 11 universitet üzv olub

 

Müzakirələr zamanı elektron mediaya maliyyə dəstəyi göstərilməsi məsələsi qaldırılıb. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, hökumət yazılı mətbuata dəstək verir və bu dəstəyini KİVDF vasitəsi ilə həyata keçirir: “Amma bu gün cəmiyyətimizdə internet - onlayn media sürətlə inkişaf edir. İnternet mediasının cəmiyyətdə rolunun artmasına baxmayaraq, bu media resursu da maliyyə çətinlikləri ilə üzləşir. Bu baxımdan internet medianın statusunu müəyyənləşdirərək, maliyyə dəstəyinin göstərilməsinə diqqət yetirmək lazımdır”.

 

Deputat medianın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə medianın reklam problemindən danışıb, həmçinin “Diffamasiya haqqında” qanunun qəbulunu da təklif edib.

 

Milli Məclisin 2016-cı il payız sessiyasında qanunvericilik işləri planı da təsdiqlənib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.

 

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında TransAnadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. Məsələ ilə bağlı məlumat verən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, Türkiyə tərəfi memorandumu zəruri dövlət prosedurlarından keçirib və təsdiq edib. Onun fikrincə, memorandumun Azərbaycan tərəfindən də təsdiq edilməsi TANAP layihəsinə çox dəyərli bir dəstək olacaq.

 

Anlaşma Memorandumu Milli Məclis tərəfindən təsdiq olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR