Bakı Beynəlxalq Humanitar Forumunda dünyada miqrasiya problemləri müzakirə olunub
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri, əcnəbi qonaqlar iştirak edib.
Dəyirmi masanın moderatoru, AIDA-nın rəisi Əşrəf Şıxəliyev hazırda dünyada 55 milyondan çox insanın qaçqın və məcburi köçkün şəraitində yaşadığına diqqət çəkərək, Dağlıq Qarabağ münaqişəsi səbəbindən ölkəmizin də qaçqın problemi ilə üzləşdiyini vurğulayıb.
Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi ilə istehsal olunan "Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" filmi nümayiş olunub. Filmdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, səbəbləri, xronologiyası barəsində ətraflı məlumat, eləcə də statistik rəqəmlər yer alıb.
Dəyirmi masada çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov son illər dünyadakı müharibələr, o cümlədən təbii və sosial fəlakətlər səbəbindən kütləvi miqrasiya hallarının sayının artması məsələsinə yer ayırıb. Komitə sədri Dağlıq Qarabağ müharibəsi səbəbindən 1988-ci ildən başlayaraq azərbaycanlıların əzəli torpaqlarından ermənilər tərəfindən zorla çıxarıldığını forum iştirakçılarının diqqətinə çatdırıb.
BMT Baş katibinin müavini Cihan Sultanoğlu isə deyib ki, bu gün dünyanın üzləşdiyi ağrılı problemlərdən olan miqrant böhranının qarşısının alınması üçün ilk növbədə əhalinin məşğulluq problemi həll edilməli, sosial şəraitinin yaxşılaşdırılması məsələsi nəzərə alınmalıdır.
Çıxış edənlər analoji tədbirlərin dünyanı cənginə alan miqrant probleminin həlli yollarının tapılması istiqamətində əlverişli imkan olacağına inam ifadə ediblər.
Tədbir ümumi müzakirələrlə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı