Qubada görünməmiş hadisə: yanan xəstəni xəstəxanada bıçaqladılar

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, qonşular arasında yaranan münaqişə zəminində Mirzəqışlaq kənd sakini 33 yaşlı Bəhruz Sadiq oğlu Paşayev bıçaqlanıb.

 

İçkili vəziyyətdə kənd sakini, 1964-cü il təvəllüdlü Samirə Məmmədovanın evinə daxil olan Bəhruzla onun arasında söz söhbət yaranıb. Daha sonra ev sahibəsinin oğlanları evə gəlib və tərəflər arasında münaqişə yaranıb.

 

Münaqişə zamanı B.Paşayev və ev sahibəsi xanım yanıq xəsarətləri alıb. Hər iki şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Tibb müəssisəsinin sarğı otağında müayinə olunan B.Paşayev ev sahibinin oğlu Vidadi Məmmədov tərəfindən bıçaqlanıb.

 

Həkim Gəray Qurbanovun sözlərinə görə, B.Paşayevə sifətin və döş qəfəsinin hər iki arxa tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub: "Xəstə təcili əməliyyat olunub. Hazırda vəziyyəti stabildir. Xəstədə 6 bıçaq yarası olub. Dördü başın tüklü hissəsində və sifətindədir, ikisi də döş qəfəsinin sol arxa tərəfindədir. 6-7 saat əməliyyat davam edib. Həyatı üçün təhlükə yoxdur. İntensiv müalicə olunub. Digər xəstə, 1964-cü il təvəllüdlü Samirə Məmmədova hər iki yuxarı ətraflarının 1-ci və 2-ci termiki yanıqları, bədənin əzikləri ilə cərrahiyə şöbəsinə yerləşdirilib".

 

Bıçaqlanan şəxsin qardaşı Rəşad Paşayev bildirib ki, toydan qayıdan Bəhruz sərxoş olub: "Toydan gəlib qardaşım. Toydan gələndən sonra oğlu gəlib evdə görüb. Öncə evdə döyüblər. Daha sonra xəstəxanada bıçaqlayıblar".

 

Hadisəni törətməkdə təqsirli bilinən şəxs saxlanılıb. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR