Azərbaycanın ilk hərbi təyyarəçisinin 125 illiyi qeyd olundu

Azərbaycan Hərb Tarixi Muzeyində ilk azərbaycanlı hərbi təyyarəçi, I Dünya müharibəsinin iştirakçısı Fərrux ağa Məmmədkərim oğlu Qayıbovun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş “İlk səma şahinimiz” adlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbir iştirakçılarına Fərrux ağa Qayıbovun həyat və döyüş yolu barədə ətraflı məlumat verib.

 

Qeyd olunub ki, I Dünya müharibəsinin ən ağır döyüşü 1916-cı il sentyabrın 12-də Vilnüs istiqamətində Boruni adlı yerdə baş vermiş səma döyüşü olub. Məhz bu döyüşdə poruçik Qayıbov qərargah rəisinin əmri ilə düşmən diviziyasının mövqelərini bombardman edib. Daha sonra alman qırıcıları onun təyyarəsinə zərbə endiriblər. Qeyri-bərabər döyüşdə poruçik düşmənin 3 qırıcı təyyarəsini vurub, özü isə təyyarə ilə birgə yerə çırpılaraq həlak olub.  Döyüşlərdə göstərdiyi şücaətlərə görə Fərrux ağa Qayıbov bir çox ordenlərlə təltif olunub.

 

Muzeyin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov isə I və II Dünya müharibələrinin səbəbləri, Azərbaycanın iştirakı, Bakı neftinin savaşlardakı rolu, azərbaycanlı zabitlərin itkiləri və Sarıqamış əməliyyatı barədə ətraflı məlumat verib.

 

Tədbirin sonunda poruçikə həsr olunmuş “Unudulmuş qəhrəman Fərrux ağa Qayıbov” qısametrajlı sənədli filmi nümayiş olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR