Azərbaycan prezidenti UEFA prezidentini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı tədbirlərin keçiriləcəyini vurğulayan prezident İlham Əliyev qonaqların ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Aleksander Çeferini UEFA prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verildiyini bildirərək, bu məqsədlə ölkəmizdə yeni stadionların tikildiyini, uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlandığını qeyd edib, gənclər və uşaqlar üçün yaradılan şəraitin bir neçə ilə yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
UEFA prezidenti Aleksander Çeferin ölkəmizə ilk dəfə səfər etdiyini, səfər proqramının zəngin olduğunu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Qəbələ-Maynz oyununu izlədiyini və oyunun yaxşı keçdiyini deyib.
Ölkəmizə səfər etməsindən məmnunluğunu vurğulayan Aleksander Çeferin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd edib. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğulayıb. UEFA prezidenti Azərbaycanda təşkilatçılıq işlərindən məmnunluğunu bildirdi, infrastrukturun mükəmməl və çox yüksək səviyyədə olduğunu deyib.
Dövlət başçısı dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Qəbələ-Maynz oyununa toxunaraq Qəbələ futbol klubunun gənc komanda olmasına baxmayaraq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi dəyərləndirib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı