Neftin qiyməti uzun fasilədən sonra 50 dollarlıq həddi keçdi
Dünya birjalarında "Brent" markalı neftin qiyməti uzun fasilədən sonra ilk dəfə olaraq 50 dollar həddini keçib. APA TV-nin məlumatına görə, axşam seanslarında "Brent" neftinin bir bareli 50,34 dollardan satılıb. Daha sonra neftin qiyməti ucuzlaşmağa başlayıb və səhər keçirilən hərraclarda "Brent" nefti 49,48 dollardan təklif olunur.
Qərbi Texas nefti də aylıq maksimumu yeniləyib. Son 24 saat ərzində WTİ neftinin maksimum qiyməti 48,23 dollar olub. Səhər seanslarında isə bu markadan olan neft 47,60 dollardan təklif edilir.
OPEK ölkələrinin gündəlik hasilatı 700 min barel azaltmaq barədə razılaşması bazara təsirini saxlayır. Qiymətlərin müvəqqəti də olsa yüksək həddə qalması həm də həftə ərzində ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının 1,8 milyon barel azalması ilə bağlıdır. OPEK-in qərarının nefti bahalaşdıracağını düşünənlər şist nefti faktorunu nəzərdən qaçırırlar. Şist neftinin hasilatı yalnız "qara qızıl" 50 dollardan satılacağı təqdirdə səmərəli sayılır. OPEK bazarda payını azaldaraq qiymətləri qaldırmağa çalışır, lakin qiymətlər 50 dolları keçən kimi ABŞ-da şist neftinin hasilatı artmağa başlayacaq. İlkin hesablamalara görə, slans şirkətləri gündə 1 milyon barel əlavə neft hasil edə biləcəklər ki, bu da bazarda azalan təklifin yerini doldurmağa qabildir. Bu səbəbdən treyderlər hesab edir ki, OPEK gündəlik hasilatı 1,5-2 milyon barel həcmində azaltmayana kimi qiymətlərdə nəzərəçarpacaq dəyişiklik olmayacaq.
Xatırladaq ki, bu gün birjalarda həftənin son iş günüdür, son seanslar axşam saatlarına kimi davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı