Özünüməşğulluq proqramı üzrə 14 təlimçiyə sertifikatlar verildi
Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler və BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin direktor müavini Şurençumeq Zoxiolt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzinə gələrək, burada peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə tanış olublar.
APA TV-nin xəbərinə görə, nazir Səlim Müslümov ölkəmizdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığının təşkili sahəsində aparılan işlərlə bağlı məlumat verib.
Nazir bildirib ki, son illərdə qlobal iqtisadi proseslərdən irəli gələn mənfi təsirlərin qarşısının alınmasına yönələn çevik və məqsədyönlü islahatlar ölkədə işsizliyin kəskin şəkildə azaldılması sahəsində qazanılmış uğurların, əmək bazarında sabitliyin qorunub saxlanmasına imkan verib. Özəl sektorun dəstəklənməsi bu sahədə mühüm önəm kəsb edir, ötən il açılan iş yerlərinin 76%-i məhz fərdi sahibkarlar və özünüməşğul şəxslər tərəfindən yaradılıb.
Səlim Müslümov ölkədə əmək, əmək münasibətləri, məşğulluq, əməyin mühafizəsi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi sahələrində BƏT-lə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, ölkə üzrə 142 təlimçinin hazırlanması nəzərdə tutulub ki, artıq onlardan 90 nəfərə yaxın təlimçi hazırlanıb: "Beynəlxalq Əmək Təşkilatını özünəməşğulluq proqramının gedişatı ilə müəyyən qədər tanış edə bildik. Bizim daxil olduğumuz qrupun baş təlimçisi Beynəlxalq Əmək Təşkilatının işçisidir. O gördü ki, onların verdiyi maaşla təmin etdiyi insan Azərbaycanda nələrlə məşğul olur. Həmin təlimçi tərəfindən 142 Azərbaycanın öz təlimçiləri hazırlanıb, onlar hazırda müxtəlif regionlarda özünəməşğulluq proqramlarına cəlb ediləcək insanlarla kurslar keçirlər".
H.Köler Azərbaycanın ümumi tərəqqisi prosesində əmək bazarının inkişafına, vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələn aktiv proqramların həyata keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, BƏT-lə əməkdaşlıq müstəvisində ölkəmizdə aparılan işləri, habelə əmək və məşğulluq sahəsində milli siyasətin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi istiqamətində atılan addımları müsbət dəyərləndirib.
Özünüməşğulluq proqramı üzrə mərkəzdə həyata keçirilən təlim prosesinə baxış olub və BƏT-in nümayəndələri ilə birgə özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirmiş 14 təlimçiyə sertifikatlar təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı