Elmar Məmmədyarov: "Qərara gəlmişik ki, mətbuata məlumat verməyək"

"Təmas xəttində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi məsələsi barədə Nyu-Yorkdakı çıxışımda da qeyd etmişəm. Orada bildirdim ki, bu, böyük təxribatdır". APA TV-nin məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

"Əgər biz sülhdən danışırıqsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini deyiriksə, o zaman onların Ağdamda təlim keçirməsi təxribat, sülh prosesinə böyük zərbədir. Bu baxımdan həmsədrlərə də bu barədə ətraflı məlumat vermişəm ki, onlar da Ermənistan tərəfinə çatdırsınlar ki, belə təxribatlardan çəkinsinlər", - deyə nazir qeyd edib.

 

Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensivlik davam etdirilir. Nazir danışıqların davam etdirildiyini vurğulayıb: "Mətbuata məlumat vermirik. Qərara gəlmişik ki, bəlkə mətbuatsız nəticə əldə edək, sonra bu barədə mətbuata məlumat verək".

 

"ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər" deyən nazir qeyd edib ki, çox güman ki, səfər oktyabrın ikinci yarısında baş tutacaq. Səfərin tarixi dəqiqləşdirilir. Onlar həm Azərbaycan, həm də Ermənistana səfər edəcəklər.

 

E.Məmmədyarov Nyu-Yorkda həmsədrlərlə ayrılıqda görüşdüklərini xatırladıb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Ola bilsin ki, regiona səfərdən sonra prezidentlərin görüşü ilə bağlı hansına təkliflər irəli sürəcəklər".

 

Nazir Nyu-Yorkdan əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü də diqqətə çatdırıb: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olunmuşdu ki, görüşlər keçirmək lazımdır ki, prosesi irəliyə aparaq".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR