Lənkəranlı "Miçurin"in möcüzəsi: portağaldan da vitaminli QUAVA

Tropik bitki sayılan quavanın vətəni əsasən Cənubi Amerika hesab edilir.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Sütəmurdov kənd sakini Ələddin Hüseynov quavanı yerli iqlim şəraitində yetişdirərək çoxaltmağa nail olub.

 

Xaricdən gətirdiyi bir ağacı çoxaldaraq artıran təsərrüfat sahibi indi ağacların hərəsindən 35-40 kiloqram məhsul əldə edir. Tərkibində portağaldan 4 dəfə çox C vitamini olan quava meyvəsi insan orqanizmini bir sıra xəstəliklərdən qoruma gücünə malikdir.

 

Təsərrüfat sahibinin sözlərinə görə, son dövrlər quava bitkisinə təlabat xeyli artıb. Buna səbəb isə bitkidən həm dekorativ ağac kimi istifadə olunması, həm də onun meyvəsindən mürəbbə və kompot hazırlanmasıdır.

 

Ələddin Hüseynovun yaxın qohumu Anar Hüseynovun sözlərinə görə, quavanın meyvəsinin dadı feyxoaya və çiyələyə oxşayır,  şirin olur.

 

Qeyd edək ki, çox erkən məhsulvermə qabiliyyətinə malik olan quava bitkisi may ayında çiçəkləyir və meyvələri mərhələlərlə yetişərək sentyabr ayından noyabra kimi yığılır. Qırmızı və sarı rəngdə olan meyvələri şirin olur.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR