Amerikalı ravvin Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Azərbaycanda səfərdə olan ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Qubada olub.

 

APA TV-nın Şimal bürosunun məlumatına görə, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqlara rayon haqqında məlumat verib.

 

Daha sonra ravvin Abraham Kuper Qubada dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbədə olub. Qonaq qəsəbədə fəaliyyət göstərən iki sinaqoqda və mədəniyyət mərkəzi ilə tanış olub, dini icmanın nümayəndələri ilə söhbət edib.

 

Abraham Kuper Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət edib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib: “Keçmişini yadda saxlayırsansa, gələcəyə doğru gedirsən. Keçmişi qoruyub saxlamaq gələcəkdə sağ qalmağın əsasını təşkil edir. Bir millət öz keçmişini unudursa, onun gələcəkdə faciələrlə üzləşməsi, məhv olması qaçılmazdır. Burada insanlar soyqırıma məruz qalıblar, əzab-əziyyət çəkiblər. Gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün keçmişi unutmamaq vacibdir”.

 

Ravvin Abraham Kuper Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR