Şəkidə yeni avtomobil yolu inşa edilir

Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir.

 

APA TV-nin xəbərinə görə, sözügedən avtomobil yolunun uzunluğu 17.2 km-dir.

 

Artıq yolun 10.5 km hissəsinə asfalt-beton örtük döşənib, su ötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 paqon-metr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 km hissəsində tikinti işləri davam etdirilir.

 

Yol boyu 4 yerdə diametri 1 və 1.25 m olan 12 metrlik dəmir-beton borulardan istifadə edilərək quraşdırılıb. Ümumi uzunluğu 96 metr, diametri isə 0,50 metr olan metal borular isə yolda əsasən kommunikasiya xətlərini keçirmək və kiçik su axarlarını buraxmaq üçün qoyulub. Onların ümumi uzunluğu 384 m-dir.

 

Layihə çərçivəsində yolun 11.1 km-də hər aşırımın uzunluğu 48 m olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 m, eni 4.5 m, gediş-gəliş hissəsinin eni 3.5 m-dir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.

 

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14.5 km hissəsində 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub.

 

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Qeyd edək ki, Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR