Prezident İlham Əliyev Tacikistan parlamentinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı Şukurcon Zuxurovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına və uzun illər davam edən əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

 

Prezident İlham Əliyev bu yaxınlarda Bişkekdə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşünü və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırlayıb. Azərbaycanla Tacikistan arasında ikitərəfli əlaqələrin çox yaxşı dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını bildirən dövlət başçısı ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini vurğulayıb.

 

Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov prezident Emoməli Rəhmonun salamlarını dövlət başçısına çatdırıb. O, ümumi tarixi və mənəvi dəyərlərə əsaslanan Tacikistan-Azərbaycan ikitərəfli əlaqələrinin, əsrlər boyu dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkəmizə həm də rəsmi səfərə gəldiyini vurğulayan Şukurcon Zuxurov Azərbaycan prezidentinin şəxsi təşəbbüsü ilə reallaşan V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib.

 

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR