Pakistanın müdafiə sənayesi naziri: "Ermənistan adında dövlət tanımırıq" - SƏRGİDƏN REPORTAJ
Bakıda müasir silah və texnikanın, eləcə də hərbi təyinatlı digər vasitələrin nümayiş olunduğu “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayıb.
APA TV-nin məlumatına görə, builki sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan və Fransa da daxil olmaqla, 34 ölkənin 216 hərbi sənaye sahəsində ixtisaslaşmış nəhəng şirkətləri təmsil olunur.
Bu şirkətlər arasında yer alan Türkiyənin "Roketsan", Rusiyanın "Rosoboronexport", eləcə də Pakistan, İsrail, Böyük Britaniya kimi ölkələrin iri hərbi-sənaye korporasiyaları hərbi sənayenin son nailiyyətlərini nümayiş etdirir.
Hazırda dayanmış olduğum stend Azərbaycan müdafiə sənayesi kompleksinin yerləşdiyi stenddir. Burada müdafiə sənayemizin qüruru olan hərbi təyinatlı texniki vasitələr nümayiş olunur.
Milli stendimizdə Quru Qoşunları və Hərbi-Hava Qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları və kosmik texnologiyalar, ordunun inzibati-texniki təchizatı üçün nəzərdə tutulan komponentlər də daxil olmaqla, ümumilikdə 260 adda hərbi təyinatlı məhsul və avadanlıq sərgilənir. Onların arasında hərbi sənayemizin ən yeni məhsullarından olan "AZAD" xüsusi təyinatlı zirehli maşın və onun tərkib hissəsini təşkil edən pilotsuz uçan aparatı diqqətimizi çəkir.
Hazırda kadrlarda gördüyünüz müxtəlif çaplı güllələr, eləcə də "İldırım" xüsusi zirehli maşını da milli müdafiə sənayemizin istehsalıdır. İlk partiyası sırf builki sərgidə nümayiş etdirilən bu zirehli texnikanın geniş spektrdə istehsalına isə 2017-ci ildən başlanacaq. Bunu da Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri sərgi ilə tanış olduğumuz zaman bildirdilər. Elə nazirin özü də bu məsələdə kifayət qədər nikbindir: "Prioritet layihələrdən "Hava-Yer", "Hava-Hava", "Yer-Yer" raketləri üzərində hazırda iş gedir. Eyni zamanda hazırda dünyanın bir neçə aparıcı şirkəti ilə 280 kilometrlik məsafədə ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi istiqamətində danışıqlar gedir".
Nazirin bu açıqlaması isə Ermənistanın canına sözün əsl mənasında qorxu salacaq. Söhbət "Zərbə" pilotsuz uçuş aparatlarından gedir: "Bu, Ermənistanın ölüm kabusuna çevrilən bir silahdır. Hazırda Müdafiə Nazirliyi ilə yüzlərlə pilotsuz uçuş aparatının istehsalı üzrə danışıqlar gedir. Onlar bizə sifariş veriblər. Çox güman ki, ya bu gün, yaxud sabah bu müqavilə mətbuatın iştirakı ilə imzalanacaq".
Sərgidə Türkiyə Cümhuriyyəti də özünün hərbi-sənaye müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsullarla təmsil olunur. Burada eyni zamanda "Roketsan" korporasiyasının istehsalı olan və təyinat yerindən minlərlə kilometr məsafələrdə yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etməyə qadir raket sistemləri sərgilənir: "Hazırda stendimizdə silahlı qüvvələrin, eləcə də hərbi aviasiyanın istifadə edə biləcəyi məhsullar sərgilənir. Onların arasında "Yer-Yer" tipli raket sistemləri, "Hava-Yer" təyinatlı raket qurğuları, o cümlədən taktiki raket sistemlərini təqdim edirik".
Müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalov sərgi ilə tanışlığa Fransanın stendindən başlayıblar. Hər iki nazirə Fransanın bu il nümayişə çıxardığı silahlar, hərbi, eləcə də hərbi-taktiki təyinatlı texniki vasitələr barəsində geniş məlumat verilib. Fransa təmsilçiləri nazirlərə ölkələr arasında əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə ediblər.
Sərginin daha bir guşəsi "AZCAN" Azərbaycan-Kanada birgə müəssisəsinin təqdim olunduğu guşədir. Şirkətin fəaliyyət profili silahlı qüvvələr üçün hərbi-zirehli texnikanın istehsalından ibarətdir. Stendi ziyarət etmişkən bizi onlardan biri ilə tanış edirlər. Söhbət cari ildə istehsal olunmuş zirehli transportyordan gedir. Texnikanın ən son nailiyyətləri ilə istehsal olunan zirehli hərbi maşını istənilən hava şəraitində maneəsiz hərəkət qabiliyyətinə malik olmaqla, xüsusilə də səhra şəraitindəki hərbi əməliyyatların yerinə yetirilməsi zamanı istifadə edilir.
Şirkətin baş direktoru Roman Şimonov rəhbəri olduğu şirkətin ixtisaslaşdığı sahə haqqında məlumat verdi: "Şirkətimizin əsas məqsədi Azərbaycanda zirehli hərbi maşınların tam modifikasiya ilə istehsalına nail olmaqdan ibarətdir. Azərbaycan ilk növbədə bizim üçün geosiyasi, eləcə də iqtisadi baxımdan əhəmiyyətlidir. Ölkənizdə hərbi avtomobillərin yüksək səviyyədə layihələndirilməsini həyata keçirən mütəxəssislər var. İnanıram ki, bu sahədə 23 il fəaliyyət göstərən şirkət olaraq Azərbaycanla əməkdaşlıq etməklə, biz regionda özümüz üçün yeni bazarlar kəşf etməyi bacaracağıq".
Azərbaycanın strateji müttəfiqi Pakistanın stendində də ölkədəki hərbi-sənaye müəssisələrində istehsal və modifikasiya edilən müxtəlif kalibrdən olan silahlar və bu silahlar üçün nəzərdə tutulan patronlar nümayiş etdirilir. Dağlıq Qarabağın işğalı və azərbaycanlılara qarşı törədilən soyqırımları səbəbindən Ermənistanla bu günədək heç bir diplomatik əlaqəsi olmayan Pakistan rəsmiləri ölkəmizlə mövcud olan əlaqələri daha da genişləndirməkdə maraqlıdır. Bu niyyəti Pakistanın müdafiə naziri Rana Tanvir Hussain APA TV-yə eksklüziv açıqlamasında bir daha təkrarlayır: "Pakistan çox yaxşı inkişaf etmiş hərbi-sənaye kompleksinə malikdir. Ölkəmizdə hərbi sahədə istifadə olunan demək olar ki, hər növ silah və avadanlıqlar, hərbi təyinatlı nəqliyyat vasitələri, pilotsuz uçan aparatlar istehsal olunur. Paytaxtınızda keçirilən sərgidə biz onların çox az bir hissəsini nümayiş etdirə bildik. Bildiyiniz kimi, bizdə eyni zamanda döyüş təyyarələri, hərbi gəmilər, eyni zamanda zəruri texniki avadanlıqlar istehsal olunur. Biz ümid edirik ki, dost və qardaş Azərbaycanla mövcud əməkdaşlığımız daha da inkişaf edəcək".
Fürsətdən istifadə edərək, nazirdən Dağlıq Qarabağ münaqişəsi barəsində də soruşuruq: "Biz Ermənistan adında dövlət tanımırıq. Ermənistan uzun illərdir qardaş Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bu məsələdə biz Azərbaycanın yanındayıq. Pakistan olaraq haqlı mövqeyində qardaş Azərbaycanı bundan sonra da dəstəkləməyə davam edəcəyik".
Sonda qeyd edək ki, növbəti ildə keçiriləcək "ADEX-2017" builki sərgidən həm iştirakçıların sayı, həm də nümayiş olunacaq hərbi texnikanın geniş spektri baxımından əhəmiyyətli dərəcədə fərqlənəcək.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı