Prezident İlham Əliyev Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib

Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib.

 

APA TV-nin xəbərinə görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

 

Daha sonra dövlət başçısı Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə məlumat verib ki, bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir. Diqqətə çatdırılıb ki, yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Küçə boyunca dekorativ istinad divarları tikilib, 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşənib. Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb.

 

Prezident İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında da yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək. Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

 

Sonra Azərbaycan prezidentinə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə məlumat verilib.

 

Dövlət başçısı Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib. Prezident Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır.

 

Sonra prezident İlham Əliyev Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Bildirilib ki, burada yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırılıb. Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib. Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb.

 

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, məktəbdə 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur. Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış olub.

 

Prezident İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin də açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, Uşaq İncəsənət Məktəbinin üçmərtəbəli binasında 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub. Burada 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

 

Sentyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

 

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib. Dövlət başçısı qeyd edib ki,  Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. deyən Prezident İlham Əliyev qeyd edib ki,  Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olmuşdur: "1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər olmuşdur. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir".

 

Prezident İlham Əliyev bildirib ki, dünən keçirilən referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir və bu etimad bizə güc verir: "Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb".

 

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, “SOCAR Polimer” MMC-nin direktoru Fərid Cəfərov, “SOCAR Karbamid” zavodunun direktoru Xəyal Cəfərov, Sumqayıt Texnologiyalar Parkının istehsalat üzrə icraçı direktoru Sahib Musayev, Sumqayıt “Gilan Tekstil Park” MMC-nin direktor müavini Nadir Məhərrəmov və Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar Artist Namis Şirməmmədov çıxış ediblər.

 

Azərbaycan prezidenti İlham Əliyev tədbirə yekun vurub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR