Referendumun yekun nəticələri açıqlandı
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının ilkin nəticələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 5627 seçki məntəqəsindən 3950 seçki məntəqəsi hesabat verib.
MSK sədri əlavə edib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz - 3 671 707 nəfər təşkil edib:
“Bildiyiniz kimi, referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməlidir. Yəni ilkin olaraq bizim nəticəmiz bundan ibarətdir ki, səsvermə prosesində 69,7 faiz seçici iştirak etdiyi üçün referendum baş tutmuş sayılır”.
O vurğulayıb ki, səsvermə çox rahat, sakit, şəffaf şəkildə keçib, seçici fəallığı yüksək olub:
“Beynəlxalq və yerli müşahidəçilər də seçicilərin fəallığını vurğulayırdılar. Bütün bunlar təsdiq edir ki, seçicilər Referendum Aktına çox ciddi yanaşıb və öz münasibətlərini bildirmək üçün məntəqələrə gəliblər. Mərkəzi Seçki Komissiyası bu referendumun hazırlanıb təşkil edilməsi istiqamətində öz işini həyata keçirib, həm dairə, həm də məntəqə seçki komissiyalarının üzvləri öz vəzifələrini peşəkarlıqla görüblər”.
M.Pənahov əlavə edib ki, MSK-ya rəsmi şəkildə hər hansı şikayət daxil olmayıb:
“Beynəlxalq müşahidəçilər öz rəylərini veriblər. Yerli müşahidəçilər də geniş müşahidə missiyası həyata keçiriblər. İki gün ərzində rəsmi protokolların qəbulu prosesi ilə məşğul olacağıq. Ondan sonra protokollara əsasən ilkin nəticələri internet səhifəmizə yerləşdirəcəyik. Ən geci 25 gün ərzində prosesə yekun vurulacaq. Müraciət daxil olmasa, araşdırmalar tez yekunlaşarsa, nəticələri təsdiqləmək üçün iclas cağıracağıq”.
M.Pənahov sosial şəbəkələrdə məntəqələrdə qutulara topa bülletenlər atılması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib:
“O halların hamısı araşdırılacaq. Səsverməyə təsir etmək gücündə olsa, həmin məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Həmin komissiyalar da buraxılacaq. Seçki komissiyaları həmin gün hansı məsuliyyət daşıdığının fərqində olmalıdırlar”.
"Referendum aktı layihəsi üzrə Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində səsvermə tam başa çatıb" - deyən MSK sədri deyib ki, Azərbaycandan kənarda səs verənlərin sayı ümumilikdə çox cüzidir: “Sabah xaricdə səs verənlərlə də bağlı konkret məqamları qeyd etmək mümkün olacaq”.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı