12 oktyabr Aşura günüdür - FƏTVA

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. APA TV-nin məlumatına görə, fətva QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda oxunub.

 

Fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1437-ci il başa çatır. Yeni Hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir. Məhərrəm ayının 10-u, yəni Aşura günü oktyabrın 12-nə təsadüf edəcək.

 

Toplantıda qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.

 

Daha sonra bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənəni davam etdiriləcək.

 

Fətvada o da qeyd olunub ki, moizə və xütbələrdə erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq vurğulanmalı, dindarlar daima Vətən təəssübünü, milli və dövləti mənafelərini uca tutmağa çağırılmalıdır.

 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Siyavus Novruzov da iştirak ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR