Venesuelanın neft naziri: "Qiymət 20 dollara enə bilər"

Dünya bazarında neftin qiymətlərində ötən gün başlayan bahalaşma davam edir. APA TV-nin məlumatına görə, dünən səhər seanslarda 46,82 dollardan satılan "Brent" markalı neft bu gün bir dollara qədər bahalaşıb. Hazırda bir barel neftin qiyməti 47,77 dollardan satılır.

 

Qərbi Texas neftinin qiyməti də yüksələn xətt üzrə gedir. WTI nefti ötən gün hərraclarında 44,81 dollardan təklif olunub. Hazırda bir barelin qiyməti 45,78 dollardan təklif olunur.
 

Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl əl-Mazruyi ölkəsinin digər OPEK ölkələrinin qatılacağı şəkildə hasilatı donduracağını bildirib. Nigeriyanın neft qaynaqlarından cavabdeh naziri Emmanuel İbe Kaçikvu isə kartel ölkələri arasında "anlaşma olacağına əmin olduğunu" bildirib. Venesuelanın neft naziri isə anlaşma olmadığı təqdirdə neftin barel başına 20 dolların altına düşəcəyini deyib.

 

Sentyabrın 26-28-də Əlcəzairdə OPEK üzvlərinin toplantısında müzakirə olunacaq əsas mövzu neft hasilatının dondurulması ilə bağlı razılıq əldə olunmasıdır. Toplantıda anlaşma əldə olunsa neftin qiymətlərinin artacağı proqnozlaşdırılır. Əks təqdirdə, qiymətlərdə yenidən ucuzlaşma müşahidə oluna bilər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR