YAP: Xalq prezidentə etimad göstərdi

“Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi”. APA TV-nin məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, bu fikirləri YAP-ın müşahidəçilərinin verdiyi məlumat əsasında söyləyir. Əli Əhmədov deyib ki, xalq prezidentə etimad göstərdi və referendum ümumxalq etimadının testi idi: “Bu gün keçirilən referendumu mən hər şeydən əvvəl prezident İlham Əliyeva ümumxalq etimadının testi kimi qiymətləndirirəm. Mən hesab edirəm ki, insanlarımızın referenduma diqqətlə yanaşması, səsvermədə yaxından iştirak etməsi hər şeydən əvvəl bununla əlaqədardır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, test kifayət qədər uğurlu oldu”.

 

Ə.Əhmədov bildirib ki, referenduma çıxarılan məsələlər Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin hüquqi bazasının daha da möhkəmləndirilməsi məqsədi daşıyır: “Referendum bundan sonra bu siyasətin daha da uğurlu aparılmasına kömək edəcək. Referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib. Bu, beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb. Bizə çatan məlumat ondan ibarətdir ki, beynəlxalq müşahidəçilər də referendumun tam demokratik keçirilməsi qənaətindədirlər. Bugünkü referendum demokratik sahədə atılan uğurlu addımdır”.

 

Ə.Əhmədov qeyd edib ki, "exit poll"arın nəticəsinə əsasən, əhalinin böyük əksəriyyəti referendumda irəli sürülən təkliflərə müsbət rəy verib: “Biz "exit-poll"ara inanırıq. Amma bütün hallarda MSK-nın açıqlayacağı nəticəni gözləyirik".

 

YAP-ın sədr müavini əlavə edib ki, referendum təkcə Azərbaycan xalqı tərəfindən dəstəklənməyib, həm də beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR