Məzahir Pənahov: "Müşahidəçilər arasında öz təşəbbüsü ilə qeydiyyatdan keçən vətəndaşlar üstünlük təşkil edir"

“Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq təşkilatlardan olan müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildirirlər”. APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

 

O  bildirib ki, beynəlxalq və yerli müşahidəçilərə seçkilərin müşahidə edilməsi üçün hər cür imkan yaradılıb: “Ümumilikdə 54 minə qədər müşahidəçi qeydiyyatdan keçib. Onların arasında siyasi partiyaların, QHT-lərin təmsilçiləri var. Müşahidəçilər arasında öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçən vətəndaşlar üstünlük təşkil edir. Bir məntəqəyə təqribən 10 müşahidəçi düşür. Jurnalistlər isə jurnalist vəsiqələrini təqdim etməklə sərbəst şəkildə məntəqələrdə seçkiləri müşahidə edə bilərlər”.

 

Onun sözlərinə görə, indiyə qədər Mərkəzi Seçki Komitəsinə seçkilərlə əlaqədar ciddi qayda pozuntusu ilə bağlı rəsmi şəkildə heç bir məlumat daxil olmayıb. Daha çox əyalətlərdə seçici fəallığı yüksəkdir: "Adətən şəhərdə müəyyən qədər az olur. İndi də elə aşağıdır əyalətlərlə müqayisədə. Amma əvvəlki seçkilərlə müqayisədə fəaldırlar. Bu fəallığın yüksək olması hesab edirəm ki, ictimaiyyətin referenduma çıxarılan məsələlərə münasibətinin göstəricisidir".

 

Məzahir Pənahov bildirib ki, Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyir, müşahidəçilər 33 ölkəni təmsil edir. O, müşahidəçilər arasında Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçilərinin olduğunu qeyd edib.

 

Qeyd edək ki, M.Pənahov bu gün 10 saylı 3-cü Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR