Azərbaycan prezidenti Avropa Xalq Partiyasının nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 26-da Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri, Avropa Xalq Partiyasının keçmiş sədr müavini David Marionun başçılıq etdiyi, Avropa Parlamentinin, Avropa ölkələrinin deputatlarının və bir sıra beynəlxalq təşkilatların əməkdaşlarının daxil olduğu nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, Avropa Xalq Partiyasının böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edən dövlət başçısı ölkəmizin müvafiq strukturları ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir gündə ölkəmizə səfərini yaxın tərəfdaşlıq əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib, əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Dörd il əvvəl Bakıya səfər etdiyini vurğulayan Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri David Mario ötən dövr ərzində paytaxtda böyük dəyişikliklərin şahidi olduğunu və həyata keçirilən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.
David Mario bu gün səhər artıq bir neçə seçki məntəqəsində müşahidələr apardıqlarını dedi və gün ərzində Bakıda və ölkəmizin müxtəlif regionlarında müşahidələrini davam etdirəcəklərini bildirib. Azərbaycan üçün əsas məsələlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ötən səfərində nümayəndə heyəti ilə birlikdə cəbhə bölgəsində olduğunu xatırladıb və Avropa Xalq Partiyasının nümayəndələri olaraq münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işinə töhfə verə biləcəklərini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini dəstəklədiklərini bildirib.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı