Məzahir Pənahov: “Seçkilərin gedişini dünyanın istənilən yerindən müşahidə etmək mümkündür”

“Mərkəzi Seçki Komissiyası referendumla əlaqədar 5627 məntəqədən 1000-də veb kameralar  quraşdırılıb. Bu kameralar vasitəsilə məntəqələrdə səsvermənin gedişi arası kəsilmədən dünya ictimaiyyətinə çatdırılacaq. Seçkilərin gedişini dünyanın istənilən nöqtəsindən izləmək mümkün olacaq”.

 

APA TV-nin xəbərinə görə, bu fikirləri referendumun başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

 

Onun sözlərinə görə, səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək: “Bu gün gecədən keçmiş olsa belə ilkin məlumatları ictimaiyyətə çatdıra biləcəyik. Seçicilər Azərbaycan Konstitusiyasına təklif olunan 29 məsələyə münasibət bildirəcək. Səsvermənin nəticələri dünya ictimaiyyətində formalaşmış standartlara uyğun vaxtda keçirəcəyik. Bildiyiniz kimi, prosesi yerli və beynəlxalq müşahidəçilər də izləyir. Onların hansısa problemlə bağlı MSK-ya müraciətinə operativ münasibət bildirəcəyik. Bir daha təkrar edirəm ki, bütün məntəqələrdə səsvermənin şəffaf keçirilməsi üçün ən yüksək şərait yaradılıb, məntəqələr səsvermənin təşkilinə hazır vəziyyətdədir”.

 

MSK sədri səsvermənin gedişi ilə bağlı obyektiv təəssüratın formalaşmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük iş düşdüyünü deyib.

 

Qeyd edək ki, Azərbaycanda 5 milyon 260 mindən çox səsvermə hüququna malik şəxs var. Onlar ölkə üzrə yaradılmış 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verəcəklər.

 

Xatırladaq ki, bu gün Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində də səsvermə keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR