Səudiyyə və İran razılığa gələ bilmədi, neft sürətlə ucuzlaşmağa başladı

Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 48,02 dollara çatıb. Həftənin son seansına kimi isə qiymətlər təxminən 2 dollar ucuzlaşıb. Son hərracda "Brent" nefti 46,02 dollardan satılıb. Qərbi Texas neftinin qiymətində də eyni tendensiya müşahidə olunub. Sutka ərzində maksimum 46,41 dollardan satılan WTİ nefti son hərracda 44,62 dollardan təklif olunub.

 

Neftin qəfil bahalaşmasına Səudiyyə Ərəbistanının OPEK toplantısı ərəfəsində verdiyi bəyanat səbəb olub. Səudiyyə tərəfi bildirib ki, əgər İran bu il hasilatı müəyyən həddə dayandırsa, o zaman Ər-Riyad da hasilatı aşağı salmağa razılıq verəcək. Bu rəsmi təklif sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək OPEK üzvlərinin toplantısında müzakirə olunmalı idi. Lakin "Brent" neftinin qiyməti 48 dollar həddini keçdikdən sonra Səudiyyə Ərəbistanı və İran arasında Vyanada keçirilən danışıqların nəticəsiz başa çatması barədə xəbər yayılıb. "Bloomberq" agentliyi iki mənbəyə istinadən tərəflərin hasilatı dondurmaq barədə razılığa gələ bilmədiyi barədə xəbər yayıb. Xəbərə əsasən, İran hasilatı bugünkü səviyyədə - gündəlik 3,6 milyon barel həddində dondura biləcəyini açıqlayıb. Bu xəbər birjalarda şok effekti doğurub və qiymətlər 2 dollar ucuzlaşıb. Nefti daha da ucuzlaşmaqdan birjaların həftəlik iş qrafikinin başa çatması qurtarıb. Qeyd edək ki, növbəti neft hərracları bazar ertəsi səhər saatlarında keçiriləcək.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR