Elmar Məmmədyarov: “Ermənistan atəşkəs xahişi etməyə məcbur oldu”
“BMT Baş Assambleyasında ötən il keçirilmiş ümumi siyasi müzakirələrdən sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında heç bir əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Ermənistan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu hələ də işğal altında saxlayır”. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasındakı çıxışında deyib.
Nazir bəyan edib ki, Ermənistanın sülh danışıqlarında iştirakı imitasiyadan başqa bir şey deyil. Elmar Məmmədyarovun sözlərinə görə, münaqişənin humanitar nəticələri təxirəsalınmaz həll tələb edir.
Xarici işlər naziri xatırladıb ki, Ermənistan vaxtaşırı silahlı təxribatlara əl atır, diqqəti əsas məsələdən yayındırmağa çalışır:
“Bu ilin aprelində Azərbaycanın mülki əhalisinə irimiqyaslı hücum edildi. Ermənistan Azərbaycanın sıx məskunlaşmış rayonlarını, o cümlədən, məktəbləri, xəstəxanaları ağır artilleriyadan intensiv atəşinə tutdu. Ermənistanın hücumu nəticəsində, xeyli sayda Azərbaycan vətəndaşı, o cümlədən, uşaqlar, qadınlar və yaşlılar qətlə yetirildi və ya ağır yaralandı. Vaxtında mülki müdafiə tədbirləri görülməsəydi, əhali arasında itkilər daha çox ola bilərdi”.
Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan silahlı birləşmələri Azərbaycan əsgərlərinin meyitlərinə qarşı qeyri-insani hərəkətlər edib:
“Azərbaycandan təsirli cavablar alan Ermənistan, Rusiyanın vasitəçiliyi ilə 5 aprel 2016-cı il tarixində Moskvada Azərbaycan və Ermənistan Baş Qərargah rəisləri arasında görüşdə atəşkəs xahişi etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Ermənistan atəşkəsi pozmaqda davam edir, işğal altındakı Azərbaycan ərazilərinə hərbi qüvvə və ağır texnika toplayır. Ermənistan dərk etməlidir ki, status-kvo və hərbi təxribatlara arxalanmaq böyük səhvdir. Özünü əzab çəkən tərəf kimi göstərməklə münaqişənin əsl səbəblərinin kökünə dair beynəlxalq ictimaiyyəti riyakarcasına aldatmaq cədləri uğursuzluğa məhkumdur”.
Elmar Məmmədyarov Ermənistanı münaqişənin çoxdan gecikən siyasi həllə nail olmaq üçün danışıqlarda siyasi iradə nümayiş etdirməyə çağırıb. O, bəyan edib ki, münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll oluna bilər: “Ermənistan bu reallığı nə qədər tez anlasa, münaqişə həllini bir o qədər tez tapar”.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı