Səmti müəyyən etmə üzrə FHN-in IV çempionatı başa çatdı

Sentyabrın 23-də Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun və FHN İşçilərinin Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə səmti müəyyən etmə idman növü üzrə FHN-in IV çempionatının final mərhələsi keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək, nazirliyin qurumları arasında keçirilən səmti müəyyən etmə üzrə idman yarışına 23 qurumdan 23 komanda olmaqla 95 kişi və 3 qadın idmançının qatıldığını diqqətə çatdırıb. Bildirib ki, üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, FHN-in əməkdaşları şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

 

FHN İşçilərinin Həmkarlar Təşkilatının sədri Mehman İsmayılov, Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov çıxış edərək, ilk 3 yeri tutan əməkdaşları, komandaların üzvlərini təbrik ediblər, ölkəmizdə səmti müəyyən etmə idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

 

Yarışda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandası birinci, Bakı Regional Mərkəzinin komandası ikinci, Sumqayıt Regional Mərkəzinin komandası üçüncü yeri tutub.

 

Qızlar arasında şəxsi yarışlarda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova ikinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova üçüncü yeri tutub.

 

Kişilərin yarışında FHN-in mərkəzi aparatının əməkdaşı Elçin Əhmədov birinci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçisi Turan Şükürov ikinci, Mülki Müdafiə Qoşunlarının əməkdaşı Elçin Əzizov üçüncü yerə çıxıb.

 

Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR