Sona Vəliyevanın “İşığa gedən yol” romanının imza günü keçirildi

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yazıçı-publisist Sona Vəliyevanın milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə həsr etdiyi “İşığa gedən yol” romanının imza günü, eyni zamanda geniş ictimaiyyətə təqdimatı keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasimdə ədəbiyyat, mədəniyyət, media nümayəndələri, Milli Məclisin üzvləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qeyd edib ki, Azərbaycanın tarixi şəxsiyyətləri haqqında belə geniş həcmli əsərlərin yazılması vacibdir və bu yeni nəşr gələcək nəsillər üçün gözəl örnək olacaq.

 

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev əsərin dilinin rəvan olduğunu, hər kəsin oxuya biləcəyini vurğulayıb. O qeyd edib ki, əsərdə Həsən bəy Zərdabinin ömür yolu oxucunun təxəyyülündə canlanır.

 

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir böyük həcmdə tarixi roman yazılıb: “Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Roman nəinki jurnalistlərin, hər kəsin stolüstü kitabına çevrilməlidir”. O, həmçinin vurğulayıb ki, Sona xanım indiyə qədər şairə kimi tanınsa da, bu əsərlə özünü həm də yazıçı kimi sınayıb və bu addım uğurlu alınıb.  

 

Milli Məclisin deputatı Elmira Axundova kitabı ensiklopediya adlandırıb. O, kitabın rus və ingilis dillərinə tərcümə edilməsi təklifini irəli sürüb.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Nizami Cəfərovun fikrincə, elə şəxsiyyətlər var ki, onlar haqqında roman yazmaq asandır. Amma Həsən bəy Zərdabi haqqında roman yazmaq çətindir. Bu baxımdan Sona Vəliyevanın əməyini dəyərləndirmək lazımdır.

 

Müəllif çıxış edərək bildirib ki, bu kitabı ərsəyə gətirməyi mənəvi borc hesab edib:

“Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Amma araşdırma aparmalıyam və bilməliyəm ki, bu borc kimədir? Uzun tədqiqat göstərdi ki, bu, milli düşüncənin təməl daşını qoyan Həsən bəy Zərdabi idi”.

 

Digər çıxış edənlər - “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir və başqaları “İşığa gedən yol” kitabı barədə təəssüratlarını bölüşüb, onu tarixi və bədii baxımdan təhlil ediblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR