Dələduz falçı: "9 ildir bəxt, şəfa, məhəbbət duaları yazıram"

Azərbaycanda falçılıqla məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluqla məşğul olan şəxs yaxalanıb.

 

Bakı şəhərinin Binə qəsəbəsində yaşayan 39 yaşlı Vüsal Hüseynovun öz qulluq mövqeyindən, vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıqla məşğul olması barədə Baş İdarəyə məlumat daxil olub.

 

Vüsal Hüseynov tutduğu əməli etiraf edib: "9 ildir dua yazıram. Bəd nəzərə görə yazmışıq, xəstəliyə görə, ruziyə görə. Kim nə veribsə, 3-5-10 manat, onu almışam".

 

V.Hüseynov ona müraciət edən şəxslərin taleyini şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını və ruzilərinin bol olacağını vəd edib. Saxlanılan şəxs belə hüquqazidd əməllərinin müqabilində ona müraciət edən vətəndaşların ümumilikdə 6700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR