Azərbaycanda 12 yaşlı uşağın cinsiyyəti dəyişdirildi - ŞOK ƏMƏLİYYAT
Bu gün Bakıdakı özəl klinikaların birində 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı həyata keçirilən cərrahiyə əməliyyatı uğurla başa çatıb.
Bunu APA TV-yə açıqlamasında plastik-rekonstruktiv cərrahiyyə uzmanı, uzman doktor Dilqəm Məmmədov deyib.
O qeyd edib ki, daxili orqanları qadın, bəzi xarici orqanları isə kişi cinsiyyətinə mənsub olan uşaq hazırda reanimasiyadadır və bərpa prosesini keçməyə başlayıb: "Bu, bir anadangəlmə anomaliyadır. Azərbaycan qanunvericiliyinə uyğun olaraq alınan razılıq və tibbi rəylər əsasında əməliyyat baş tutdu. Tibdə bu cür anomaliyalar üç formada olur. Bu, hermofroditizm dediyimiz hadisədir. Bu, həm qadın, həm də kişinin genetal anomaliyalarının birlikdə olmasıdır. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirdik. Bunu Türkiyədə genetik laboratoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdır".
Uzman-doktor əməliyyat olunan uşağın psixoloji durumuna da diqqət çəkib: "Uşaq daha çox özündə qadına məxsus xüsusiyyətləri birləşdirdiyi üçün cins seçimində heç bir psixoloji gərginlik yaşanmadı. Yaşının az olmasına baxmayaraq, əməliyyat bütün detalları ilə izah edildikdən sonra müdaxilə edildi".
"Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi” deyən Dilqəm Məmmədovun sözlərinə görə, bu tip əməliyyatlar 3-5 yaş arası aparılmalıdır. Dilqəm Məmmədov pasiyentin gələcək durumu ilə bağlı heç bir təhlükənin olmadığını da qeyd edib: "Hazırda pasiyentin tibbi təhlilləri onu deməyə əsas verir ki, onun yumurtalıqları yaşına uyğun inkişaf edib, sağalması burun və yaxud da digər estetik əməliyyatların sağalma müddətindən uzun olmayacaq. Sağalma mərhələsi bitdikdən sonra normal həyat tərzinə başlayacaq. Gələcəkdə isə sağlam ana ola biləcək".
Qeyd edək ki, Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət açıqlayıb. Nazirlikdən bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur. "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir", - deyə məlumatda bildirilir.
APA TV-nin əldə etdiyi məlumata görə, əməliyyat olunan uşaq valideyn himayəsindən məhrumdur və Azərbaycandakı uşaq evlərindən birində tərbiyə alır.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı