Əli Həsənov: “Mişel Forstun hesabatı qərəzli və sifarişlidir”
Hər bir beynəlxalq təşkilatın, xüsusilə də BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm pozitiv, həm də neqativ məqamlar nəzərə alınmalıdır. Təəssüf ki, cənab Mişel Forstun məruzəsində balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı “faktlar” araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır. “Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “hesabatlarında” əksini tapmış mülahizələr olduğu kimi həmin sənədə köçürülmüşdür”. Bu fikirləri APA-ya müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, insan hüquqlarından danışan zaman xüsusi məruzəçi həm də Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını nəzərə almalı və sənədə daxil etməli idi. “Lakin təəssüflə qeyd etməliyəm ki, ölkəmiz üçün taleyüklü məsələ hesab edilən qaçqın-köçkün problemi diqqətdən kənarda saxlanılmışdır. Təsadüfi deyil ki, mətbuat konfransında cənab Forst öz mandatını əsas gətirərək, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi və onun nəticələrinə toxunmayacağını bəyan etmişdir. Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir. Burada söhbət mandatla müəyyən olunmuş səlahiyyətlərdən deyil, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış humanitar vəziyyətin ümumi duruma mənfi təsirindən gedir ki, bu məqam da beynəlxalq hüquq məsələləri ilə məşğul olan hər bir şəxsin, xüsusilə də BMT-nin məruzəçi missiyasını yerinə yetirən rəsmi nümayəndənin diqqətində olmalıdır”.
Əli Həsənov BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun QHT-lər və həbslərlə bağlı fikirlərinin də həqiqəti əks etdirmədiyini deyib və hesabatı Azərbaycan reallığını əks etdirməyən, qərəzli və sifariş xarakterli sənəd adlandırıb.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı