Lənkəranlı yeniyetmə pəhləvan dünya ikincisi oldu

Son vaxtlar Lənkəranda idman sahəsində qazanılan uğurların sırasına daha biri əlavə olunub. APA TV-nin cənub bürosunun məlumatına görə, bu uğur isə güləşin sərbəst növündə yeniyetmə idmançı Mahir Məmmədzadənin aktivinə yazılıb.

 

“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının yetirməsi olan 14 yaşlı güləşçi avqust ayında İsveçin paytaxtı Stokholmda keçirilən Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bir neçə gün öncə isə həmyerlimiz Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən yeniyetmələrin sərbəst güləş üzrə Dünya çempionatına qatılıb. 42 kq çəkidə mübarizə aparan Mahir Məmmədzadə Qırğızıstan, Hindistan və Gürcüstan təmsilçilərini üstələyərək finala yüksəlib. Finalda ABŞ təmsilçisi ilə gərgin keçən görüşü uduzan güləşçimiz gümüş medal qazanmaqla ikinci yeri özünə təmin edib: "Məşqçilərinin sayəsində Allahın köməyi ilə Mahir gələcəkdə hara getsə, qızıl medalla geri qayıdacaq. Biz ona güvənirik, biz ona inanırıq".

 

Mahir 8 ildir ki, sərbəst güləşlə məşğul olur. Pəhləvanın nailiyyətinə sevinənlərdən biri də onun şəxsi məşqçisi Baba Rzayevdir. İdmançının medal kolleksiyasını zənginləşdirməsi  onu da qürurlandırıb. Məşqçinin sözlərinə görə, yetirməsinin amerikalı idmançı ilə görüşü daha gərgin keçib: "Mahir amerikalıdan üstün idi. Hakimlərdə də müəyyən səhvlər oldu. Allaha çox şükür ki, yenə Azərbaycana medalsız qayıtmadı".

 

İdmançı özü isə yarışla bağlı təəssüratlarını belə bölüşdü: "4 rəqibim oldu. 4 rəqibimdən üçünü məğlub etdim. Finalda amerikalı idmançı var idi. 6:5 hesabı ilə məğlub oldum. Ciddi hazırlıq keçirəm. İnşallah, gələcəkdə dünya çempionu olmağa çalışacağam".

 

Mahir Məmmədzadəni qarşıda hələ çoxlu mötəbər yarışlar gözləyir. Biz  yeniyetmə pəhləvanı təbrik edir, ona daha böyük qələbə sevincləri arzulayırıq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR