Piyada zolaqları niyə görünmür? - REPORTAJ
Paytaxtımızda yol problemi aktual mövzu olaraq həmişə gündəmdə qalır. Nə qədər piyada zolaqları, körpülər, yeraltı, yerüstü keçidlər, tunellər, yol ötürücüləri olmasına baxmayaraq, problem elə problem olaraq qalmaqda davam edir. Həqiqətən də hər prospektdə piyada keçidi üçün nəzərdə tutulmuş yerüstü keçidlərə rast gəlirik. Lakin bəzən onların düzgün yerdə quraşdırılmaması faciələrə yol açmış olur. Piyada ölümləri zamanı müşahidə etmək olar ki, piyada yolu keçmək üçün düzgün seçim etmədiyindən, sonu faciə ilə nəticələnir.
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA TV-yə açıqlamasında qeyd edib ki, Bakıda çoxsaylı piyada keçidlərinin və yaxud nizamlanan və nizamlanmayan piyada keçidlərinin olmasına baxmayaraq, yol hərəkəti qaydaları piyadalar tərəfindən kütləvi şəkildə pozulur: "Piyada vurma halları çox nadir hallarda keçidlərdə olur. Hətta yeraltı keçid olan ərazilərdə belə piyadaların əksəriyyəti bu keçidlərdən istifadə etmir. Yeraltı keçidin olduğu yerdə yerin üstündən keçənlərin sayı kifayət qədərdir. Paytaxtın "Füzuli" meydanı ərazisində illərdir yeraltı keçid olmasına baxmayaraq, günün istənilən saatında yerin üstündən istifadə edən paytaxt sakinlərinə rast gəlmək olur. Nobel prospektində də həmçinin. 6-7 keçid olmasına baxmayaraq, istifadə edənlərin sayı etməyənlərin sayından dəfələrlə azdır. Halbuki eskalatorlarda quraşdırılıb ki, insanlar əziyyət çəkməsin. Yəni burda əsasən piyada məsuliyyətsizliyi məsələsi var".
"Vətəndaşlar keçidlərdən istifadə etməkdən qaçır" deyən DYP rəsmisinin sözlərinə görə, piyadalar bunu müxtəlif əsassız səbəblərlə izah edirlər. Məsələn, vaxt azlığı, keçidlərin eskalatorunun çox zaman işlək vəziyyətdə olmaması, bəzi keçidlərin dayanacaqlardan xeyli aralıda tikilməsi və s. Şəhərin mərkəzi yollarında piyada keçidləri üçün xəttin və işarələrin rənginin solması və bir çox hallarda isə görünməz olması məsələsinə gəlincə, Kamran Əliyev deyir ki, zəruri olan yerlərin yeni piyada zolaqları çəkilib, mövcud olanları isə yenidən rənglənib: "Bir çox ərazilərdə termoplastik boyalardan istifadə olunur. Onlar daha uzun ömürlü sayılırlar. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətlərinin rəngləri, sadəcə, bəzən aramsız yağan yağışlardan və qızmar istilərdən sonra solur. Buna baxmayaraq, piyada zolaqlarının qarşısında yol-məlumat nişanları var. Sürücü də görür ki, burda piyada keçidi var, o, yol verməlidir. Nişan olmayan yerlərdə isə piyada keçidi də olmur. Elə ərazilər var ki, orda artıq piyada keçidləri ləğv edilib. Ona görə də ordan nişanlarda çıxarılıb. Sadəcə, zolaqların kənarında qalan izlər var ki, insanlarda həmin keçidlərin rənginin solduğunu düşünüb ordan keçirlər. Nizamlanmayan keçid təhlükə yaradır. Bəzi yerlərdə isə nəqliyyatın fasiləsiz hərəkətinə problem yaradır. Nəqliyyat sıxlığı bəzi ərazilərdə həddindən çox olduğuna görə orda bu keçidlər yığışdırılır".
Kamran Əliyev hesab edir ki, piyada keçidlərindən istifadəni həyat tərzinə çevirmək lazımdır: "Birmənalı olaraq insanlar bilməlidirlər ki, yol hərəkəti qaydaları cərimələnmək üçün yaranmayıb, qanunlar insanların təhlükəsiz yaşaması üçün yazılıb. Bunu həyat tərzinə çevirə bilsək, yaxşı olar. Eyni zamanda bu istiqamətdə maarifləndirmə işləri də aparılmalıdır. Ən əsası insanlar özləri bunda maraqlı olmalıdırlar”.
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı